...

I Avropa Oyunları ilə bağlı informasiya təhlükəsizliyinə dair test-sınaqlar keçiriləcək

Cəmiyyət Materials 29 Aprel 2014 17:14 (UTC +04:00)
"Bakı 2015 - I Avropa Oyunları"na hazırlıq üzrə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Rəhbər Komitənin iclası keçirilib.
I Avropa Oyunları ilə bağlı informasiya təhlükəsizliyinə dair test-sınaqlar keçiriləcək

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir H.Vəliyev/

"Bakı 2015 - I Avropa Oyunları"na hazırlıq üzrə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Rəhbər Komitənin iclası keçirilib. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun iştirakı ilə keçirilən iclasda Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) nümayəndələri - Texnologiyalar üzrə direktor Adrian Korkoran, Telekommunikasiya üzrə rəhbər Toni Dadli, Texnoloji hazırlıq üzrə rəhbər Nigel Svinbank tədbirə hazırlıq prosesinin mərhələlərini əks etdirən təqdimatla çıxış ediblər.

Qeyd edilib ki, ilk növbədə, oyun və təşkilati məkanların rabitə xidmətlərinə olan tələbatları BAOƏK ilə RYTN-də mütəmadi müzakirələr nəticəsində müəyyənləşdirilib. Bu xidmətlərin təşkili üzrə prosesə cəlb edilən şirkətlər, eləcə də tədbirə dəstək verəcək digər sponsor təşkilatlarla yaxın həftələrdə müqavilələrin bağlanması nəzərdə tutulur.

Oyunların təşkilində məlumatların qorunması, informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin təmin edilməsi məqsədilə mütəmadi monitorinqlərin aparılması, şəbəkə hazırlığı və dözümlülüyü üzrə müxtəlif test-sınaqların keçirilməsi planlaşdırılır. İclasda beynəlxalq rouminq tarifləri, "Bakı 2015 - I Avropa Oyunları" iştirakçılarının mobil cihazlarının qeydiyyatı və s. kimi məsələlər də müzakirə edilib.

Sifarişçi-icraçı tərəf arasında məsuliyyətin dəqiqliklə bölüşdürülməsi baxımından tənzimləyici-hüquqi sənəd kimi anlaşma memorandumunun vacibliyinə diqqət çəkən Ə.Abbasov sənəddə bütün detalların ətraflı müzakirə edilərək nəzərə alınmasını məqsədəuyğun sayıb.

Nazir, həmçinin Rusiya və Azərbaycan arasında rouminq tariflərinin azaldılması ilə bağlı aparılan işlərin yaxın zamanlarda səmərə verəcəyini, bu siyasətin digər ölkələrlə də həyata keçirildiyini, həmçinin oyunların keçiriləcəyi zamanda tariflərin ucuzlaşdırılması məqsədilə təkliflərin hazırlanması üzərində RYTN tərəfindən işlərin aparıldığını deyib.

Ə.Abbasov görüşdə təmsil olunan özəl və dövlət qurumlarının təmsilçilərinə müvafiq tövsiyələrini də bildirərək, "Bakı 2015 - I Avropa Oyunları"nda rabitə xidmətlərinin yüksək səviyyədə təşkilinin təmin edilməsi ilə bağı göstəriş və tapşırıqlarını verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti