...

İşğal olunmuş rayonlardan Azərbaycan Silahlı Qüvvələrində xidmət edənlərin statistikası açıqlanıb

Cəmiyyət Materials 2 May 2014 13:35 (UTC +04:00)
Hazırda Azərbaycan Silahlı Qüvvələrində əslən işğal olunmuş rayonlardan olan 741 nəfər zabit, 284 nəfər gizir xidmət edir.
İşğal olunmuş rayonlardan Azərbaycan Silahlı Qüvvələrində xidmət edənlərin statistikası açıqlanıb

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir İ.İzzət/

Hazırda Azərbaycan Silahlı Qüvvələrində əslən işğal olunmuş rayonlardan olan 741 nəfər zabit, 284 nəfər gizir xidmət edir. Ermənistandan qaçqın düşən soydaşlarımızın övladlarından Silahlı Qüvvələrdə 452 nəfər zabit və 109 nəfər gizir xidmət edir. Hazırda Silahlı Qüvvələrdə məcburi köçkün və qaçqın statusu olan ailələrdən ümumilikdə 1586 nəfər zabit və gizir xidmət edir. Bu, çox kiçik rəqəmdir. Trend xəbər verir ki, bunu müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə "Ulu öndər Heydər Əliyev - qaçqın və məcburi köçkün gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, həmçinin Ali Hərbi Məktəbə, Hərbi Liseyə qəbul" mövzusunda keçirilmiş konfransda deyib.

Onun sözlərinə görə, statistik məlumatlara görə, 2010-cu ildən indiyədək Cəmşid Naxçıvanski adın Hərbi Liseyə qəbul olmaq məqsədilə hər il məcburi köçkün ailələrindən 150-dək müraciət daxil olub ki, onlardan da yalnız 25-30 nəfəri hərbi liseyə qəbul ola bilib. Bu il isə bu kateqoriyadan olan 165 gənc sənədlərini hərbi liseyə təqdim edib. Adətən sənəd verənlərin 25-30%-i qəbul olur.

Müdafiə nazirinin müavini qeyd edib ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) isə 2010-cu ildən indiyədək hər il 60-70 nəfər məcburi köçkün övladı müraciət edir, onlardan təxminən 50%-i məktəbə daxil olur. Hazırda Ali Hərbi Məktəbdə məcburi köçkün ailələrindən olan 103 kursant təhsil alır. 2014-cü ildə AAHM-a daxil olmaq üçün köçkün ailələrindən olan 54 nəfər sənəd təqdim edib. Hazırda AAHM-da Ermənistandan qaçqın düşmüş ailələrdən 46 nəfər kursant təhsil alır.

General-leytenant Çingiz Məmmədov onu da əlavə edib ki, məhz Heydər Əliyevin vaxtilə gördüyü işlər və şəxsi səyi nəticəsində aparılan hərbi vətənpərvərlik tədbirləri müasir Azərbaycan dövləti və Ordusunun təməlini qoyub: "Bakıda fəaliyyət göstərən ali hərbi məktəblərə daxil olan azərbaycanlı gənclərin sayı planlı şəkildə artırıldı. Onlar SSRİ-nin digər şəhərlərindəki ali hərbi məktəblərə göndərildilər. 1970-ci ildə isə Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Bu hadisələr gələcəkdə yaradılacaq müstəqil Azərbaycan dövləti və onun Silahlı Qüvvələrinin təməl daşı olan tarixi tədbirlər idi. Bütün bunlar ulu öndər Heydər Əliyevin uzaqgörənliyinin, cəsarətinin və hədsiz vətənpərvərliyinin nəticəsi idi. Əgər o zaman bu işlər görülməsəydi, bu gün biz bir mərkəzdən idarə olunan, vahid komandanlığa tabe, Ali Baş Komandanımızın əmrini yerinə yetirməyə hazır və qadir olan Silahlı Qüvvələrimizi yarada bilməyəcəkdik".

O, qeyd edib ki, Azərbaycan xalqı və onun övladları bundan sonra da nəsil-nəsil ulu öndər Heydər Əliyev və onun siyasi idarəçilik kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Vətənə olan tükənməz məhəbbətindən daim öyrənməli və bu məhəbbətə layiq olmalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti