Azərbaycan, Bakı, 10 may/ Trend/
"ASAN Könüllüləri" Gənclər Təşkilatı ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümü münasibəti ilə yürüş təşkil edib. Gənclər Təşkilatının üzvləri Azərbaycanın ən yüksək yaşayış məntəqəsi olan Xınalıq kəndindən piyada start götürüb, 3751 metr hündürlükdə yerləşən Heydər Əliyev zirvəsini fəth ediblər.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, könüllülər ümummilli liderə gənclərin böyük ehtiramının əlaməti kimi "ASAN Könüllüləri" Gənclər Təşkilatının və "ASAN xidmət"-in bayraqlarını bu zirvədə dalğalandırıblar.
"ASAN Könüllüləri" Gənclər Təşkilatı ümummilli lider Heydər Əliyevin xatirəsini anma münasibəti ilə müxtəlif tədbirlərin həyata keçirilməsini planlaşdırır.