...

Kamal Abdulla: Azərbaycanı çox parçalamaq istədilər, alınmadı

Cəmiyyət Materials 13 May 2014 12:06 (UTC +04:00)
"Bizim arzumuz Prezident İlham Əliyev ətrafında sıx birləşməkdr. Prezidentin ən böyük arzusu Azərbaycanı varlı, dövlətli görməkdir.
Kamal Abdulla: Azərbaycanı çox parçalamaq istədilər, alınmadı

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İ.İzzət/

"Bizim arzumuz Prezident İlham Əliyev ətrafında sıx birləşməkdr. Prezidentin ən böyük arzusu Azərbaycanı varlı, dövlətli görməkdir. Azərbaycanı güclü, varlı, dövlətli görmək din xadimlərini, məscidləri güclü, varlı, dövlətli görmək deməkdir. Bu, insanların ürəyindəki Allah eşqinin güclü olması deməkdir. Cənab Prezidentimiz bu gün bunu Allahdan böyük şövqlə arzu edir". Trend xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsində (QMİ) din xadimləri üçün keçirilən təkmilləşdirmə kursunun açılışında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan dəyişir. Yollarımız, şəhərlərimiz, kəndlərimiz, dəyişib. Amma bununla yanaşı, Azərbaycan insanı, dindarı, cəmiyyətinin özülü, vətəndaş dəyişir. Bu dəyişiklik intellektual tərəfdən həyata keçir: "Bu gün Azərbaycan insanı daha çox Vətən eşqi ilə yaşayan insana çevrilir. Əgər 10-15 il bundan öncə insanlar şəxsi istiqamətdə arzularını ifadə edirdisə, indi bu arzuların, niyyətlərin 99 faizi ictimai əsaslıdır. Bu arzular məscidlərimizlə, dinimizlə, məktəblərimizlə, təhsilimizlə bağlıdır. İnsanlar bütün Azərbaycan haqqında fikirləşirlər".

Dövlət müşaviri dövləti parçalamaq istəyənlərə ismarıc göndərərək onların bu cəhdinin alınmayacağını bildirib: "Azərbaycanı çox parçalamaq istədilər, alınmadı. Hələ sovet dövründən əvvəl parçalamaq istəkləri baş tutmadı. Dağıtmaq istədilər, alınmadı. Bu gün də bu, alınmayacaq. Azərbaycan dövlətçilik məfkurəsi istiqamətində hər bir fəaliyyəti dəstəkləyərək ona qarşı olan hər bir fəaliyyətə rədd cavabı verəcək, qəzəbli sözünü deyəcək. Biz gənclərimizi qorumalıyıq. Müxtəlif yollara gedə biləcək gənclərimiz olarsa, biz onları göydə Allahın, yerdə dövlətin qəzəbinə gələnə qədər qoruyub-saxlamağı bacarmalıyıq. Təmiz dini əqidələr üzərində böyümək, böyütmək, formalaşmaq və formalaşdırmaq ilk növbədə burada əyləşən din xadimlərinin borcudur".

Din xadimləri üçün keçirilən təkmilləşdirmə kursunun açılmasının tarixi hadisə olduğunu deyən Kamal Abdulla bu layihənin gerçəkləşdirilməsini misli görünməmiş iş adlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti