...

Bakıda yol qəzalarının həftənin əsasən hansı günlərində baş verdiyi açıqlanıb

Cəmiyyət Materials 16 May 2014 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir İ.İzzət/

Aparılan araşdırmalar göstərir ki, Bakıda qeydə alınmış yol qəzaları əsasən istirahət günləri baş verir. Bunu Trend-in sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

Bölmə rəsinin sözlərinə görə, 2014-cü ilin ilk 4 ayı ərzində Bakı şəhərində 318 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 91 nəfər ölüb, 334 nəfər xəsarət alıb: "Bu ilin yanvar-aprel ayları ərzində Bakıda baş vermiş yol-nəqliyyat hadisələrinin təhlilinə nəzər saldıqda görmək olur ki, yol qəzaları əsasən həftənin şənbə və bazar günləri baş verir. Bu isə ciddi narahatlıq doğurur. Bu hadisələr də əsasən ötmə və manevretmə qaydalarının pozulması, əks istiqamətli yol zolağına daxil olma və piyadaların vurulması ilə bağlı olub".

V.Əsədov bununla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi adından Bakı sakinlərinə və sürücülərə xəbərdarlıq edib: "Xahiş və tələb edirik ki, sürücülər paytaxtdan kənar istiqamətlərə, yaşayış məntəqələrinə, istirahət mərkəzlərinə və çimərliklər istiqamətində hərəkət edərkən diqqətli olsunlar, əks istiqamətli yol zolağına çıxmasınlar, səbirli olsunlar, təhlükəli manevr etməkdən çəkinsinlər, normal ara məsafəsi saxlasınlar, sürət həddinə fikir versinlər, sükan arxasında telefonla danışmasınlar, avtomobili sərxoş halda idarə etməsinlər, piyadalar isə yolu keçərkən yol hərəkəti qaydalarına riayət etsinlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti