Azərbaycan, Bakı, 20 may /Trend/
Ətraf mühitin mühafizəsinə və tullantıların düzgün idarə edilməsinə uşaqların və yeniyetmələrin diqqətini cəlb etmək məqsədilə "Təmiz Şəhər" ASC tərəfindən aprel ayında elan edilmiş "Yaşıl Gələcək" inşa müsabiqəsi başa çatmışdır.
ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bir ay ərzində davam edən müsabiqədə şagird və tələbələr fəallıq göstərmiş və çoxsaylı yazılar təqdim edilmişdir. Bu tədbirə böyük maraq bir daha ətraf mühitin mühafizəsi məsələlərinə gənclərin artan diqqətinin göstəricisidir.
Layihə çərçivəsində "Tullantıları necə azaltmalıyıq?", "Ətrafı təmiz saxlamaq üçün nə etməliyik?", "Tullantı nədir və onun faydaları hansılardır?" kimi sualları barədə fikirlərini inşalarda əks etdirən tələbə və məktəblilərdən tədbirin şərtlərinə cavab verən 200 nəfər müsabiqəyə buraxılmışdır. Belə ki, müsabiqəyə təqdim edilən inşalar Milli Məclisin, Təhsil Nazirliyinin, "Təmiz Şəhər" ASC-nin, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin və Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının nümayəndələrinin daxil olduğu münsiflər heyəti tərəfindən baxılmış, məzmun, ideya, formata olan tələblər üzrə dəyərləndirilmiş və birinci üç yerin qalibləri müəyyən edilmişdir.
Mayın 20-də inşa müsabiqəsinin yekunlarına həsr edilmiş təqdimat keçirilmişdir. "Təmiz Şəhər" ASC-nin Layihələrin idarəedilməsi və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Oqtay Məmmədov təqdimatında müsabiqəyə təqdim edilən inşalarda çoxsaylı faydalı fikirlərin səsləndirildiyini, ətraf mühitlə bağlı məsələlərin yeniyetmə və gəncləri daha çox düşündürdüyünü qeyd etmiş, inşalarda qeyd edilən təkliflərin dəyərləndiriləcəyini və Cəmiyyətin ictimaiyyətlə fəaliyyətində nəzərə alınacağını bildirmişdir.
Təqdimatın sonunda inşa müsabiqəsinin yekunları açıqlanmışdır. Üçüncü yerin qalibi "Təmiz gələcəyə doğru" mövzulu inşanın müəllifi Bakı Türk Liseyinin tələbəsi Bəyimxanım Bəhməni, ikinci yerin qalibi "Təmiz saxla, sağlam ol, qazan" inşasının müəllifi Göyçay rayonu 7 nömrəli məktəbin tələbəsi Cəmil Eminov, birinci yerin qalibi isə "Yaşıl gələcəyimiz" mövzulu inşanın müəllifi Balaxanı sakini, 287 nömrəli orta məktəbin 9-cu sinif şagirdi Nəriman Əliyev elan edilmiş, hədiyyələr və diplomlarla təltif edilmişlər. İnşa müsabiqəsində iştirak edən bütün məktəbli və tələbələr isə iştirakçı sertifikarları ilə təltif edilmiş və "Təmiz Şəhər" ASC tərəfindən Bərk Məişət Tullantıların Yandırılması və Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodlarının fəaliyyəti ilə əyani tanış olmaq imkanı əldə etmişlər.
Qeyd edək ki, inşa müsabiqəsinin keçirilməsində məqsəd gəncləri bu mövzuda düşündürmək və onların fikirlərini öyrənməkdir.