...

Azad sahibkar olmaq istəyən azərbaycanlı tələbələr qalibiyyət uğrunda mübarizə aparacaqlar

Cəmiyyət Materials 29 May 2014 16:37 (UTC +04:00)
Qalib komanda ölkəmizi Çinin paytaxtı Pekin şəhərində keçiriləcək Dünya Kuboku yarışında təmsil edəcək.
Azad sahibkar olmaq istəyən azərbaycanlı tələbələr qalibiyyət uğrunda mübarizə aparacaqlar

Azərbaycan, Bakı, 29 may /Trend/

Azad sahibkar olmaq istəyən azərbaycanlı tələbələr qalibiyyət uğrunda mübarizə aparacaqlar.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Bizim Sahibkarlıq Fəaliyyətimiz" (Entrepreneurial Action Us - Enactus) beynəlxalq proqramının əsası 1975-ci ildə ABŞ universitetləri tərəfindən qoyulub. 2012-ci ilə qədər proqramın adı "Tələbələr azad sahibkarlıq fəaliyyətində (Students in free enterprises - SIFE) olub. 1996-cı ildən etibarən dünyanın bir çox ölkələrində proqram üzrə milli yarışlar keçirilməyə başlanıb və 2001-ci ilin iyul ayında ilk dəfə Londonda Dünya Kuboku yarışı keçirilib. 2005-ci ildən Azərbaycan "SIFE - Enactus" proqramına qoşulub, 2006-cı ildən isə Dünya Kuboku yarışlarında iştirak etmək hüququnu qazanıb. Dünya üzrə "Enactus" proqramına 50-ə yaxın ölkə, 1600-dan çox ali təhsil müəssisəsi və 50 mindən yuxarı tələbə qoşulub.

"Enactus" proqramı üzrə milli yarışların keçirilməsində məqsəd sahibkarlıq fəaliyyətinə gəncləri təşviq etmək, azad sahibkarlığın ideyasını tələbələr arasında təbliğ etmək, tələbələrin təşkilatçılıq, idarəçilik və komandada işləmək bacarıqlarını inkişaf etdirməkdən ibarətdir. Proqramın sosial əhəmiyyəti insanların həyat və yaşam standartlarının yaxşılaşdırılması, gənclərin məşğulluğuna dəstəyin göstərilməsi və biznesin gücü vasitəsilə insanların həyatlarının müsbətə doğru dəyişdirilməsidir.

"Enactus" proqramı üzrə milli yarışda iştirakçı komandalar liqalara bölünür və qalibiyyət uğrunda mübarizə aparır. İnnovativ yanaşmaya, layihələrin sosial effektinə, ekoloji standartların qorunmasına, biznes etikanın gözlənilməsinə, maliyyə idarəçiliyinə, nitq qabiliyyətinə və digər meyarlara əsasən qalib komanda müəyyən edilir. Qeyd etmək lazımdır ki, "Enactus" proqramı üzrə yarış biznes və təhsil sahəsində işgüzar danışıqların aparılması məqsədilə gənclər üçün yaradılmış platformadır.

2013/2014 tədris ilində "Enactus" proqramına 11 komanda qoşulub və 30-31 may 2014-cü il tarixdə keçiriləcək milli yarışda icra olunmuş layihələrin təqdimatı aparılacaq. Layihələri münsiflər heyəti "Enactus" meyarları əsasında seçəcək. Münsiflər heyəti dövlət və biznes strukturlarını təmsil edən nüfuzlu və təcrübəli mütəxəssislərdən seçilib. Qalib komanda ölkəmizi Çinin paytaxtı Pekin şəhərində keçiriləcək Dünya Kuboku yarışında təmsil edəcək.

"Enactus" proqramı üzrə IX milli yarışın rəsmi açılış mərasimi 30 may 2014-cü il tarixdə saat 10:45-də "Monolit Plaza" hotelində keçiriləcək. Ünvan: Bakı şəhəri, Mikayıl Muşviq küç, 2A (Badamdar qəsəbəsi)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti