...

"Vergilər uşaqların gözü ilə" ənənəvi rəsm müsabiqəsi keçirilib (FOTO)

Cəmiyyət Materials 30 May 2014 18:59 (UTC +04:00)
Mayın 30-da Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Vergilər Nazirliyinin və Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Rəsm Qalereyasının təşkilatçılığı ilə "Vergilər uşaqların gözü ilə" adlı rəsm müsabiqəsi keçirilib.
"Vergilər uşaqların gözü ilə" ənənəvi rəsm müsabiqəsi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 30 may /Trend/

Mayın 30-da Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Vergilər Nazirliyinin və Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Rəsm Qalereyasının təşkilatçılığı ilə "Vergilər uşaqların gözü ilə" adlı rəsm müsabiqəsi keçirilib.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, "Vergilər uşaqların gözü ilə" devizi altında rəsm və inşa müsabiqəsində 5-8, 9-12 və 13-17 yaş kateqoriyalarına aid olan məktəblilər iştirak edib və vergilər barədə aldıqları bilikləri kağız üzərinə köçürüblər.

Tədbiri T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının direktoru Bədayə Ramazanova açıb, müsabiqənin əhəmiyyəti barədə danışıb. Qeyd edilib ki, müsabiqəyə təqdim olunmuş əsərlərdə formalaşan kiçik təsəvvürlər gələcək üçün böyük təməldir və gənc nəsildə vergi biliklərinin formalaşmasına xidmət edir. Builki müsabiqə 2014-cü ilin aprel ayından start götürüb, 250-dən çox rəsm nümunəsi və inşalar münsiflər heyəti tərəfindən dəyərləndirilərək qaliblər müəyyən olunub.

Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov çıxış edərək bildirib ki, gənc nəslin nümayəndələri arasında vergi mədəniyyətinin aşılanması, cəmiyyətdə vergilərin könüllü ödənilməsi prinsiplərinin təbliğ olunması Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət sahəsində gördüyü işlərin mühüm hissəsidir.

Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Elçin Məmmədov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd vergilər haqqında anlayış və bilikləri uşaqların başa düşəcəyi təsvirlər vasitəsilə gələcəyin vergi ödəyiciləri olan gənclərə çatdırmaqdan ibarətdir.

Hər il müsabiqədə iştirak etmiş rəsm əsərləri albom şəklində nəşr olunur və Vergilər Nazirliyinin qatıldığı sərgi və tədbirlərdə nümayiş etdirilir. Mükafata layiq görülmüş rəsm əsərlərinin çoxu hazırda Vergilər Nazirliyinin inzibati binasının divarlarını bəzəyir və bu ilki müsabiqədə də iştirak edən əsərlərin ən yaxşılarından da bu məqsədlə istifadə ediləcək.

Tədbirdə rəsm və inşa üzrə builki müsabiqənin qalibləri elan edilib, onlara diplom və hədiyyələr təqdim olunub. İnşa müsabiqəsində Ləman Səmədzadə 1-ci, Elçin Cəfərli 2-ci, Pərvanə Cəlallı 3-cü yerə, rəsm müsabiqəsində isə 5-8 yaş qrupu üzrə Ruslana Əzimova 1-ci, Aysel Atayeva 2-ci, Zöhrə Quliyeva 3-cü yerə, 9-12 yaş qrupu üzrə İbrahim Bağırov 1-ci, Nəzrin İsgəndərli 2-ci, Nurlana Hüseynova 3-cü yerə, 13-17 yaş qrupu üzrə Dünya Sadıqlı 1-ci, Məryəm Sultanova 2-ci, Murad Şirinov 3-cü yerə layiq görülüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti