...

Azərbaycanda kolleclərə qiyabi təhsil forması üzrə tələbə qəbulu 4,1 dəfə azaldılıb

Cəmiyyət Materials 13 İyun 2014 17:17 (UTC +04:00)
Azərbaycanda 2014-2015-ci tədris ili üçün kolleclərə qiyabi təhsil forması üzrə tələbə qəbulu planı əvvəlki tədris ili ilə müqayisədə 4,1 dəfə azaldılıb.
Azərbaycanda kolleclərə qiyabi təhsil forması üzrə tələbə qəbulu 4,1 dəfə azaldılıb

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda 2014-2015-ci tədris ili üçün kolleclərə qiyabi təhsil forması üzrə tələbə qəbulu planı əvvəlki tədris ili ilə müqayisədə 4,1 dəfə azaldılıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrində son illərdə real tələbata əsaslanmadan artırılmış qəbul yerlərinin sayı keçən tədris ilinə nisbətən azaldılaraq 15,667 yerdən 11,266 yerə endirilib.

Bu il "ibtidai sinif müəllimliyi" və "informatika müəllimliyi" ixtisasları qəbul planından çıxarılıb. Kolleclərə "məktəbəqədər təlim və tərbiyə" ixtisası üzrə qəbul yerləri əvvəlki tədris ilinə nisbətən 38 faiz az planlaşdırılıb. Texniki istiqamətli kolleclərdə müəllimlik ixtisasları qəbul planından çıxarılıb.

Ötən tədris ilinin faktiki qəbuluna nisbətən Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinə cari tədris ili üçün qəbul planı 12,9 faiz çoxaldılıb.

Ali təhsil müəssisələrinə qiyabi təhsil forması üzrə plan 2 dəfədən çox azaldılaraq bu yerlərin hesabına əyani tələbə qəbulu planı artırılıb. Özəl ali təhsil müəssisələrinə qiyabi təhsil forması üzrə qəbul dayandırılıb, Azərbaycan İctimai Siyasi Universitetnə və Azərbaycan Müəllimlər İnstitutunun 4 filialına pedaqoji ixtisaslar üzrə qəbul planı verilməyib. Özəl ali təhsil müəssisələri üzrə pedaqoji ixtisaslara qəbul planı yalnız Qafqaz, Xəzər və Bakı Qızlar universitetlərinə verilib.

Ali təhsil müəssisələrində magistratura səviyyəsi üzrə qiyabi təhsil forması nəzərdə tutulmayıb. Bakalavr buraxılışı olmayan ixtisasların magistratura səviyyəsinə plan yerləri ayrılmayıb.

Təhsil, texniki və texnoloji, eləcə də kənd təsərrüfatı ixtisaslarına dövlət sifarişi yerləri artırılıb. Kənd təsərrüfatı ixtisasları qrupuna daxil olan ixtisaslara qəbul yalnız dövlət sifarişi əsasında
aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti