...

Azərbaycanda notariuslarda bəzi prosedurların həyata keçirilməsi asanlaşdı

Cəmiyyət Materials 5 İyul 2014 11:44 (UTC +04:00)
Azərbaycanda notariuslarda bəzi prosedurların həyata keçirilməsi asanlaşdı.
Azərbaycanda notariuslarda bəzi prosedurların həyata keçirilməsi asanlaşdı

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda notariuslarda bəzi prosedurların həyata keçirilməsi asanlaşdı.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da dəyişikliklər edilib.

Həmin dəyişikliklərə əsasən, daşınmaz əmlak obyektlərinə sərəncam verilməsi haqqında müqavilələr təsdiq olunarkən notariusa arayışın verilməsinə ehtiyac qalmayacaq. Bu müqavilələr təsdiq olunarkən, notarius daşınmaz əmlaka sərəncam verənin və ya onun nümayəndəsinin (vəkil edilmiş şəxsin) ərizəsi və daşınmaz əmlak obyektinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı "Elektron notariat" informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edəcək.
İndiyədək isə notarius özgəninkiləşdirməyə qadağanın və həbsin olmadığı barədə arayış tələb edirdi.

Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair məlumat olduqda, əmlaka sərəncam verilməsi haqqında müqavilə yalnız borcun əmlakı əldə edənin adına keçirilməsinə dair kreditorun və əldə edənin razılığı olduqda təsdiq ediləcək.

Yeni qərara görə, notarius hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı "Elektron notariat" informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edəcək.

Daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış vərəsə və ya onun nümayəndəsi tərəfindən təqdim edilir.

Bununla yanaşı, avtonəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ya girov qoyulmasına dair müqavilələr Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi tərəfindən müayinədən keçməsi barədə arayış təqdim olunduqdan sonra təsdiq ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti