...

Ceyrançöldə minatəmizləmə əməliyyatlarının ikinci fazasına rəsmən start verildi

Cəmiyyət Materials 8 İyul 2014 12:20 (UTC +04:00)
Bakıda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ilə NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun Ceyrançöldə Mina və Partlamamış Hərbi Sursatların Təmizlənməsi birgə Layihəsinin birinci mərhələsinin tamamlanması və ikinci mərhələsinin açılışına həsr olunmuş mərasim keçirilib.
Ceyrançöldə minatəmizləmə əməliyyatlarının ikinci fazasına rəsmən start verildi

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İlkin İzzət/

Bakıda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ilə NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun Ceyrançöldə Mina və Partlamamış Hərbi Sursatların Təmizlənməsi birgə Layihəsinin birinci mərhələsinin tamamlanması və ikinci mərhələsinin açılışına həsr olunmuş mərasim keçirilib.

Trend xəbər verir ki, tədbiri giriş sözü ilə açan ANAMA-nın direktoru Nazim İsmayılov bildirib ki, Azərbaycan-NATO ilə əməkdaşlıq çərçivəsində Azərbaycan hökumətinin sifarişi əsasında Sovet ordusunun tərk etdiyi hərbi bazalarda minatəmizləmə işləri aparır. Yarandığı ilk illərdə ANAMA-nın bu sahədə böyük təcrübəsi olmadığına görə, bu məqsədlə 2004-cü ildən bəri NATO ilə əməkdaşlıq barədə qərar qəbul edildi. Əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin ən böyüyü isə Saloğlu layihəsi olub.

Onun sözlərinə görə, Azərbaycan-Gürcüstan sərhədi boyunca ölkənin şimal-qərb hissəsində yerləşən Ceyrançöl ərazisi 1955-1991-ci illər ərzində keçmiş Sovet hərbi ordusunun sınaq və təlim ərazisi kimi intensiv surətdə istifadə edilmişdir. Ərazidə olan mina və partlamamış hərbi sursatlar yerli əhali üçün ciddi və daim artan təhlükə yaradır. Ona görə də bu ərazilərin minalardan və partlamamış hərbir sursatlardan təmizlənməsi üzrə həyata keçirilən Ceyrançöl layihəsi böyük əhəmiyyət kəsb edir.

Tədbirdə çıxış edən Baş nazirin müavini Abid Şərifov bildirib ki, ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun "Ceyrançöl təmizləmə layihəsi"nin birinci mərhələsi olan 19 kv.km ərazinin təmizlənməsi NATO tərəfindən 4 oktyabr 2011-ci il tarixdə rəsmən təsdiq olunub. Azərbaycan hökuməti bu vəziyyətlə dərindən maraqlanıb və bu layihənin ölkə üçün əhəmiyyətini nəzərə alaraq layihənin ümumi dəyərinin 50% miqdarında maliyyə vəsaiti ayırıb.

Qeyd olunub ki, layihənin birinci mərhələsi çərçivəsində 28 ay ərzində 19 kv.km ərazi tam təmizlənib və 14 min 578 PHS tapılaraq zərərsizləşdirilib. Layihənin ikinci mərhələsinə 2014-cü ilin iyul ayından start verilməsi və 24 ay müddətində 23 milyon 584 min 545 kv.m əhatə edən sahənin təmizlənməsi nəzərdə tutulur.

Tədbirdə iştirak edən NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay qeyd edib ki, bu layihələr minlərlə insanın həyatının xilas edilməsinə yönəlib. Onun sözlərinə görə, Azərbaycan NATO üçün çox işlər görüb. NATO da bunun qarşılığında tərəfdaş ölkə olan Azərbaycana dəstək vermək istəyir.

NATO Dəstək Agentliyinin (NSPA) baş meneceri Mayk Layden isə layihəyə dəstəyinə görə donor öləkələrə təşəkkürünü bildirib. O, Ceyrançöl layihəsinin mühüm əhəmiyyət kəsb etdiyini, bu layihənin reallaşması ilə böyük ərazinin təhlükələrdən azad olunacağını vurğulayıb. O, qeyd edib ki, bu məqsədlə 1,8 milyon avro vəsait ayrılacaq.

Azərbaycan Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-mayor İlham Mehdiyev bildirib ki, layihə sərhədçilər üçün də böyük əhəmiyyət daşıyır. Ərazidə sərhəd mühafizəsi təşkil olunur. Onun sözlərinə görə, minalardan təmizlənməmiş belə ərazilərdə böyük təhlükələr törədilə bilər. Ona görə də o, DSX tərəfindən layihəyə tam dəstək veriləcəyini açıqlayıb.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk isə deyib ki, ANAMA təkcə bölgədə deyil, başqa ölkələrdə də keçirilən layihələrdə öz dəstəyini əsirgəmir. Onun sözlərinə görə, ANAMA ilə BMT arasında əməkdaşlıq çərçivəsində zədə almış insanlara dəstək verilir, onlara mikrokreditlər ayrılır. Bu, sosial amildir və çox mühümdür, insanların sağlamlığının təsirə məruz qalmaması çox vacibdir. O, gələcəkdə də ANAMA ilə əməkdaşlığın davam edirilməsinə ümid etdiyini bildirib.

Daha sonra ANAMA-nın fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti