...

Azərbaycanda 9 illik bazada kolleclərə qəbulla bağlı yekun statistik rəqəmlər açıqlanıb

Cəmiyyət Materials 15 İyul 2014 14:35 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə aparılan qəbulla bağlı yekun statistik rəqəmləri açıqlayıb.
Azərbaycanda 9 illik bazada kolleclərə qəbulla bağlı yekun statistik rəqəmlər açıqlanıb

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə aparılan qəbulla bağlı yekun statistik rəqəmləri açıqlayıb.

Trend komissiyanın saytına istinadən bildirir ki, əvvəlki illərdən fərqli olaraq orta ixtisas təhsili müəssisələrinə cari il məzunlarının (9-cu sinfi 2014-cü ildə bitirən) qəbulu buraxılış imtahanlarının nəticələri əsasında aparılıb. Ötən illərin məzunları üçün kolleclərə qəbul imtahanı isə iyunun 29-da keçirilib.

Abituriyentlərə imtahanda ana dili və riyaziyyat fənlərinin hər birindən 30 sual olmaqla ümumilikdə 60 sual təqdim olunub. Abituriyentin balları hesablandıqda hər düzgün cavab 1 balla qiymətləndirilib. Ümumi bal hər bir fənn üzrə toplanılan balların cəmi əsasında müəyyənləşib və toplanıla bilən maksimal bal 60-a bərabər olub. İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılıblar.

Bu il 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə ayrılmış plan yerlərinin sayı ötən illə müqayisədə xeyli azalıb. Belə ki, 2013-cü ildə plan yerləri 13957, 2014-cü ildə isə 9601 yerdən ibarət idi. Müsabiqə nəticəsində 9601 plan yerinə 8786 abituriyent qəbul olub, qəbul planı 91,43% dolub.

Kolleclərə qəbul olan gənclərin 8484 nəfəri Azərbaycan bölməsi, 302 nəfəri rus bölməsinin abituriyentləridir. Müsabiqə nəticəsində qeydə alınmış ən yüksək keçid balı 53, ən aşağı keçid balı isə 16 bal olub.

TQDK abituriyentlər arasında bəzən düzgün anlaşılmayan bir məsələyə - müsabiqədə iştirak etmək üçün tələb olunan minimal bal həddi ilə hər hansı ixtisasa keçid balı arasında fərqin olub-olmamasına da aydınlıq gətirib.

Komissiya bildirib ki, müsabiqə şərti TQDK tərəfindən müsabiqəyə buraxılmaq üçün qoyulan minimal tələbdir. Bu, o deməkdir ki, müsabiqədə yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər. Keçid balı isə müsabiqə aparıldıqdan sonra hər ixtisas üzrə ayrı-ayrılıqda formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Keçid balı müəyyən ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olur: "Tutaq ki, cari ildə imtahan verən hər hansı abituriyent 17 bal toplayıb. Lakin onun bir fəndən balı 8-dən azdır. Bu halda mövcud müsabiqə şərtini yerinə yetirmədiyinə görə onun müsabiqədə iştirak etmək hüququ olmayacaq. Fərz edək ki, hər hansı ixtisas üzrə qəbul planı 25 yerdən ibarətdir. Həmin ixtisası ərizəsində müsabiqə şərtlərini ödəmiş 140 nəfər göstərib. Bu zaman həmin 140 nəfərdən ən yüksək bal toplayan 25 abituriyent bu ixtisasa qəbul edilir və 25-ci abituriyentin balı həmin ixtisas üzrə formalaşmış keçid balı olur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti