Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir İlhamə İsabalayeva/
Bu gündən artıq Bakıda şimal küləyi mülayimləşir, sabahdan isə cənub küləyi əsəcək. Yaxın günlər ərzində isə hələ isti hava şəraitinin davam edəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında avqustun 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Cənub küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 24-27, gündüz 33-37 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarda sabah hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 12-17, 24-29 dərəcə isti olacaq.
Avqustun 15-17-də Abşeron yarımadasında isti temperatur diskomfortu fonunda durğun hava şəraitinin üstünlüyü meteohəssas insanlar üçün əlverişsizdir.