...

Azərbaycanda ucqar kənd məktəblərində işləyən gənc müəllimlərə edilən güzəştlər artırılıb

Cəmiyyət Materials 19 Avqust 2014 10:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün yeni stimullaşdırıcı tədbirlər həyata keçiriləcək.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, "Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında" Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli 67 nömrəli qərarında dəyişiklik edilib.

Bu dəyişikliyə əsasən, pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş yaşı 35-dək olan gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədi ilə dövlət sifarişinə əsasən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 60 manat məbləğində kompensasiya veriləcək. Yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına kömək göstəriləcək.

Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və yaşı 35-dək olan gənc mütəxəssislərə 3 il müddətində aylıq əməkhaqqına ayda 100 manat məbləğində əlavə ödəniləcək. Bu dəyişikliklər əsasında gənc müəllimlərə ödənilən kompensasiyanın məbləği 20, əmək haqqına əlavənin məbləği isə 30 manat artırılıb.

Qərara edilən əlavəyə görə gənc müəllimlər üçün üç illik müddət bitdikdən sonra müəyyən stimullaşdırıcı tədbirlər həyata keçiriləcək.

Üç illik müddət bitdikdən sonra həmin və ya digər kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirən gənc mütəxəssislərə daha 2 il müddətində kompensasiya və əməkhaqqına əlavə ödəniləcək.

Bu qərar 2014-cü il sentyabrın 15-dən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti