...

Zaqatalada Azərbaycanın tolerantlıq ənənələrindən bəhs edən seminar-treninq keçirilib (FOTO)

Cəmiyyət Materials 25 Avqust 2014 15:24 (UTC +04:00)
Zaqatalada Azərbaycanın tolerantlıq ənənələrindən bəhs edən seminar-treninq keçirilib.
Zaqatalada Azərbaycanın tolerantlıq ənənələrindən bəhs edən seminar-treninq keçirilib (FOTO)

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir İlkin İzzət/

Zaqatalada Azərbaycanın tolerantlıq ənənələrindən bəhs edən seminar-treninq keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi (İƏT Gənclər Forumu ARM) və DQİDK-nın dəstəyi ilə "Milli Tolerantlıq Mərkəzi" layihəsi çərçivəsində Azərbaycan dini tolerantlıq ənənələrinin tərənnümü məqsədilə ölkə üzrə "Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan: müasir çağırışlar və tolerantlıq" mövzusunda silsilə seminar-treninqlərin keçirilməsi davam etdirilir.

DQİDK-nın, İƏT Gənclər Forumunun, Milli Tolerantlıq Mərkəzinin, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, dini icma rəhbərləri və rayon ziyalılarının iştirakı ilə Zaqatalada keçirilən növbəti seminar-treninqdəki çıxışlar zamanı Azərbaycanın tolerantlıq ənənələri, dinlərarası münasibətlərdən danışılıb. Eyni zamanda, şimal-qərb bölgəsinin həssas rayonlarından sayılan Zaqatalada bu ənənələrin yaşadılmasının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, dini maarifləndirmə sahəsinə daha diqqətlə yanaşılmalı, din xadimləri gənclərin qeyri-ənənəvi və radikal cərəyanların təsirinə düşməkdən qorumaq məqsədilə dinimizin düzgün çatdırılmasına xüsusi əhəmiyyət verməlidirlər.

Müzakirələrdə Yaxın Şərqdə baş verən hadisələrin Azərbaycanda təkrarlanmaması istiqamətində həyata keçirilən tədbirlərin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Seminar-treninqlərdə, həmçinin dini icma nümayəndələrini maraqlandıran bir sıra suallara cavab verilib.

Qeyd edək ki, "Milli Tolerantlıq Mərkəzi" layihəsi 29 may 2013-cü il tarixində II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ərəfəsində DQİDK və İKGF ARM-in birgə layihəsi olaraq təsis edilib. Mərkəzin rəsmi təqdimat mərasimində BMT-nin Sivilizasiyalar Alyansı və ISESCO ilə memorandumlar imzalanıb. Fəaliyyət prioriteti dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafına yönəlmiş layihələrin dəstəklənməsi, seminar-treninqlərin və konfransların təşkil edilməsi olan Mərkəz bölgələrdə dini maarifləndirmə işinin aparılması və Azərbaycan tolerantlıq modelinin dünyada tanıdılması istiqamətində "Tolerantlığın ipək yolu", "Azərbaycan - tolerantlıq məkanı", "Hörmət naminə birləş" kimi bir sıra beynəlxalq və daxili tədbirlər həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti