...

Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri əsgərlərin andiçmə mərasimində iştirak edib (FOTO)

Cəmiyyət Materials 28 Avqust 2014 11:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 avqust /Trend/

Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə əsgərlərin andiçmə mərasimi keçirilib. İlk dəfə olaraq Binəqədi rayonundan hərbi xidmətə yollanmış və Respublikanın ayrı-ayrı bölgələrində əsgəri borclarını yerinə yetirən gənc əsgərlərin andiçmə mərasimində Binəqədi Rayon İcra hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları da iştirak ediblər. Bu barədə Trend İcra Hakimiyyətindən məlumat verilib.

Bu məqsədlə Lənkəran şəhərinə Binəqədi RİH başçısının birinci müavini İlqar Süleymanov və Aparatın şöbə müdiri Yunis Hüseynov, Gəncə şəhərindəki hərbi hissələrə Aparatın şöbə müdirləri Elnur İmanov və Ədalət Rəcəbov, Naxçıvan Muxtar Respublikasına isə Aparatın şöbə müdiri Ramiz Göyüşov və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov ezam olunublar.

Binəqədi rayonundan hərbi xidmətə yollanmış əsgərlərin andiçmə mərasiminə qatılan Binəqədi RİH başçısı Aparatının məsul işçiləri bu hərbi ritualın icrasını yaxından izləyib, mərasimdə çıxış edərək əsgərlərə ən xoş arzularını və tövsiyyələrini bildiriblər. Onlar Binəqədi rayonundan olan əsgərlərlə görüşdə hər bir Azərbaycan gəncinin həyat yolunda keçdiyi çox əlamətdar hadisə və şərəfli dövr olan əsgəri xidmət barədə danışıb, Vətənə olan məhəbbəti əməldə sübut etməyin yolunun Vətəni qorumaqdan keçdiyini diqqətə çatdırıblar.

Dövlətçiliyin mühüm atributu olan Milli Ordu quruculuğunun Ali Baş Komandan İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasətinin ən mühüm tərəflərindən biri olduğu əsgərlərlə görüşdə onların diqqətinə çatdırılıb, hər bir Azərbaycan gəncinin, müstəqil dövlətimizin qüdrətli ordusunda xidmət etməklə fəxarət hissi duymalı olduğu vurğulanıb. Binəqədi rayonundan olan əsgərlərlə görüşdə bu şərəfli və müqəddəs missiyanı daim alnıaçıq, üzüağ yerinə yetirməkdə onlara müvəffəqiyyətlər arzulanıb. Görüşlərdə Binəqədi Rayon İcra Hakimiyyəti adından əsgərlərə hədiyyələr təqdim olunub.

Andiçmə mərasimində iştirak edən Binəqədi rayonundan olan əsgərlərin valideynləri Rayon İcra Hakimiyyətinin rayondan hərbi xidmətə yollanmış əsgərlər üçün çox əlamətdar gündə iştirak etmələrini məmnunluqla qarşılanıb və bu addımın ilk təşəbbüs olduğunu diqqətə çatdırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti