Azərbaycan, Bakı, 2 sentyabr /Trend/
"Bakı 2015" Avropa Oyunları yüksək keyfiyyətli süd təchizatçısı olan "Milla" şirkətini birinci Avropa Oyunlarının rəsmi tərəfdaşı elan edir.
Trend-in məlumatına görə, sazişə əsasən "Milla" şirkəti Azərbaycanda 5000-dən artıq dükanda reklam işi aparacaq, bütün məhsullarının və işçilərinin uniformalarının üzərində "Bakı 2015" loqosunu daşımaqla "Bakı 2015" Avropa Oyunlarına öz dəstəyini göstərəcək.
Həmçinin, daxilində dondurmaların olacağı furqonlar vasitəsilə şirkətin məhsulları "Bakı 2015" yarışlarının keçiriləcəyi obyektlərdə mövcud olacaq. Şirkət televiziyada geniş reklam kampaniyası aparmaqla da Avropa Oyunlarını dəstəkləyəcək.
"Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: "Milla" Azərbaycanda tanınmış və çox sevilən brenddir. Biz onları Oyunların rəsmi tərəfdaşı kimi salamlamaqdan məmnunuq. Şirkətin tanınmış məhsulları birinci Avropa Oyunları ilə bağlı maraq və həyəcanımızı bütün ölkə ərazisindəki milyonlarla idman azarkeşi ilə bölüşməkdə bizə kömək edəcək."
Əməkdaşlığa görə "Milla" şirkəti təbliğat işləri aparmaqla və ölkənin hər yerinə mallarını çatdırdığı furqonların üzərində "Bakı 2015" brendini təsvir etməklə bütün Azərbaycan ərazisində Avropa Oyunlarının reklamını həyata keçirəcək.
"Milla" şirkətinin idarəetmə üzrə direktoru Filip Rayt qeyd edib: "Biz "Bakı 2015" Avropa Oyunlarının rəsmi tərəfdaşına çevrilməklə Oyunlar ailəsinə qoşulduğumuza şadıq. "Milla" brendi Azərbaycan xalqına Avropa Oyunlarının yüksək standartlarına uyğun gələn bir sıra yüksək keyfiyyətli, sağlam və innovativ süd məhsulları təklif edir. Avropa Oyunları Azərbaycanın tarixinə heyrətamiz anlar kimi daxil olacaq və biz bütün Avropanın zövq alacağı idman yarışlarına gedən yolun bir hissəsi olduğumuz üçün fəxr edirik".
"Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin kommersiya şöbəsinin direktoru Çarli Viceratna əlavə edib: "Milla"nın Azərbaycanda güclü nüfuza malik olması və tanınan bir brend olması göstərir ki, şirkət Bakı 2015-in ideal tərəfdaşıdır və onların dəstəyinə etibar etmək çox gözəldir".
"Milla" McDonald`s-dan və Tickethour-dan sonra "Bakı 2015" Avropa Oyunlarının üçüncü rəsmi tərəfdaşıdır.