...

Azərbaycan hərbçiləri Balakən Aviasiya Mərkəzində paraşüt-desant hazırlığı keçəcəklər (FOTO)

Cəmiyyət Materials 25 Sentyabr 2014 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir İlkin İzzət/

Balakən Aviasiya Mərkəzinin qonaq evi istifadəyə verilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildiriblər ki, "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən filialların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində aparılan işlərin tərkib hissəsi olaraq, Cəmiyyətin Balakən rayon 1 nömrəli filialında həvəskar paraşütçülər, çağırışçılar və turistlər üçün tikilmiş 36 nəfərlik, 6 otaqdan ibarət tam təchizatlı qonaq evi istifadəyə verilib.

Mərasimi giriş sözü ilə açan Cəmiyyətin sədri Şahvələd Əliyev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli Fərmanı ilə SHXÇDX-nin tabeliyində "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) yarandıqdan sonra ötən dövr ərzində filialın fəaliyyəti bərpa olunub, balansında olan 2 ədəd AN-2 təyyarəsində təmir-bərpa işləri aparılıb, yeni müxtəlif tip paraşütlər alınıb, 3 gözlü anqarın qapıları yenisi ilə əvəz edilib və bu müddətdə 211 nəfər həvəskar paraşütçü hazırlanıb.

Ş.Əliyev əlavə edib ki, "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin Balakən rayon 1 nömrəli filialı həvəskar paraşütçülərin yetişdirildiyi yeganə aviasiya mərkəzidir. Filial Nazirlər Kabinetinin müvafiq Qərarı ilə "Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin Siyahısı"na daxil edilib ki, bununla da həvəskar paraşütçülərin hazırlığı ilə yanaşı, burada Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin sifarişi əsasında paraşüt-desant hazırlığı həyata keçiriləcək.

Qeyd olunub ki, filialda yaradılmış şərait gələcəkdə daha təcrübəli paraşütçülərin yetişdirilməsində əvəzsiz rol oynayacaq, müxtəlif beynəlxalq yarışların təşkilinə və beynəlxalq əlaqələrin qurulmasına təkan verəcək.

Sonra qonaq evinin rəmzi lenti kəsilib və qonaqlar yaradılmış şəraitlə tanış olublar. Mərasimdə Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev və digər qonaqlar iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti