İran, Urmiya , 26 noyabr /Trend, müxbir Təmkin Cəfərov/
Urmiya şəhəri Qərbi Azərbaycan əyalətinin mərkəzidir və İranın şimal-qərbində yerləşir.
Trend xəbər verir ki, Urmiya gölünün 18 km-də yerləşən şəhərin paytaxtla məsafəsi 900 km-dir. Şəhər dəniz səviyyəsindən 1300 metr hündürlükdə yerləşir. Şəhərin 3000 illik tarixi var. Urmiya İranın şimal-qərb bölgəsində yerləşən şəhərlərdən ən qədimidir. Şəhər UNESCO-nun mədəni irs siyahısına daxil edilib.
Bəzi tarixçilər Urmiyanı Zərdüştün doğulduğu yer kimi göstərirlər. Urmiya assurilərin dilində "Su şəhəri" mənasını verir. Şəhərin ümumi ərazisi 11 min hektar, əhalisi 800 min nəfərdir. Ekoloji baxımdan Urmiya ən qədim zamanlardan yaxşı iqlim şəraitinə malik yaşayış məntəqəsi kimi tanınır.
Urmiya şəhər bələdiyyəsinin sədr müavini Qulamrza Ədlidust Qərbi Azərbaycan əyalətində səfərdə olan azərbaycanlı jurnalistlərlə görüşündə deyib ki, araşdırmaçılar Urmiya çayının ətrafında, Təməl mağarasının içərisində daş dövründə yaşayan insanlara aid maraqlı əşyalar tapıblar: "Həmin tapıntıların tarixi 3500 ildir. Urmiya həm də İranın cənnəti kimi tanınır. Dünyada yabanı arpa və buğda dənələri ilk dəfə Urmiya ərazisində tapılıb. Bu da göstərir ki, buğda ilk dəfə burada əkilib və sonra Fələstin, Livan və Avropaya yayılıb".
Q.Ədlidust bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə 1327-ci ildə (miladi təqvimlə 1948-ci il) Urmiyaya gəlib və Göytəpə kəndində olub: "Həmin dövrdə Göytəpədə 2000 nəfər əhali, 10 məktəb və 3 kilsə olub. Bu məktəbdə isə təhsil alan 500 şagird var imiş. Həmin kənddə 7 millətin nümayəndəsi və 15 məzhəb olub. Burada müxtəlif azlıqlar yaşadığına görə Rəsulzadə oranı beynəlxalq kənd adlandırıb".
Q.Ədlidust deyib ki, İranda ilk xəstəxana Urmiyada tikilib. İlk ali tibb məktəbi burada təsis olunub. İlk yerli televiziya da Qərbi Azərbaycan əyalətində açılıb.
Qeyd edək ki, hazırda Urmiyada həftəlik, gündəlik və aylıq olmaqla 40 qəzet və jurnal var.
Q.Ədlidust Urmiyada təxminən 4-5 qəzetin və bir neçə internet resursunun fars əlifbası ilə Azərbaycan dilində yayımlandığını bildirib, "Nəvidi Azərbaycan", "Ağrı News"-u nümunə göstərib.
Urmiya Pəhləvilər dövründə bir müddət Rezaiyə adını daşıyıb. Bu şəhər "İranın Parisi", "Su şəhəri", "Məzhəblər şəhəri", "Şadlıq məkanı" da adlandırılıb. Şəhərdə 600 məscid, 2 imamzadə var.
Şəhər bələdiyyəsinin sədr müavini Urmiyanın məşhur şəxslərindən Hüsaməddin Həsən Çələbi Urməvinin adını çəkib və deyib ki, o Konyada dəfn olunub: "Səfiəddin Urməvi isə musiqişünas və xəttat olub. O, notları Baxdan öncə ixtira edib".
Urmiya şəhəri həm də körpülər şəhəri hesab olunur. Şəhərdə 9 böyük körpü tikilib. Onlardan ən məşhuru gözəlliyi ilə ad qazanan Qoyun korpüsü, Şəhid Behişti körpülər kompleksidir. Bundan başqa, Ana körpüsü və tikilməkdə olan 4 mərtəbəli Azərbaycan körpüsünü də misal çəkmək olar.
Q.Ədlidost deyib ki, Urmiya şəhərində ötən ilə kimi 74 park olub, daha sonra isə 60 hektar sahəyə malik 18 park salınıb: "Gələn il daha bir park da salacağıq. Adambaşına yaşıllıq sahəsi 9 kvadrat metrdir".