...

Bakıda Beynəlxalq Atçılıq Federasiyası Baş Assambleyası iştirakçılarının şərəfinə qala-ziyafət verilib (FOTO)

Cəmiyyət Materials 13 Dekabr 2014 13:23 (UTC +04:00)
Azərbaycan Atçılıq Federasiyası (ARAF) tərəfindən Bakıda “Mangal Steak House” restoranında Beynəlxalq Atçılıq Federasiyası (FEI) Baş Assambleyası iştirakçılarının şərəfinə “Azərbaycana xoş gəlmişsiniz!” adlı qala-ziyafət təşkil olunub.
Bakıda Beynəlxalq Atçılıq Federasiyası Baş Assambleyası iştirakçılarının şərəfinə qala-ziyafət verilib (FOTO)

Azərbaycan, Bakı, 13 dekabr /Trend/

Azərbaycan Atçılıq Federasiyası (ARAF) tərəfindən Bakıda "Mangal Steak House" restoranında Beynəlxalq Atçılıq Federasiyası (FEI) Baş Assambleyası iştirakçılarının şərəfinə "Azərbaycana xoş gəlmişsiniz!" adlı qala-ziyafət təşkil olunub.

Təntənəli gecənin açılışında Azərbaycan Atçılıq Federasiyasının (ARAF) prezidenti, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Baş Assambleyanın qonaqlarını salamlayıb.

E.Quliyev dünya atçılığının belə mühüm tədbirini qəbul etməyin Bakı üçün böyük şərəf olduğunu bildirib: "Bu gün Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır. Bakı istənilən beynəlxalq yarışı ən yüksək səviyyədə keçirməyə qadir olduğunu sübut edib. Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində ölkəmizdə bütün sahələr, o cümlədən idman sürətlə inkişaf edir. Azərbaycanlı idmançılar dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında və müxtəlif beynəlxalq yarışlarda böyük uğurlara nail olurlar. Azərbaycan Atçılıq Federasiyası da inkişaf edir. Beynəlxalq Atçılıq Federasiyası Baş Assambleyasının Bakıda keçirilməsi, federasiya rəhbərlərinin və fəxri qonaqların bu tədbirdə iştirak etməsi bizim böyük idman əlaqələrimizi sübut edir. Ona görə də hamıya, xüsusilə Beynəl­xalq Atçılıq Federasiyasının prezidenti, İordaniya Şa­­­hzadəsi Haya Bint Al Hüseynə Azərbaycanda atçılığın inkişafına göstərdiyi dəstəyə görə dərin təşəkkürümü bildirirəm".

Beynəlxalq Atçılıq Federasiyasının prezidenti, İordaniya Şahzadəsi, Ülyahəzrətləri Haya Bint Al Hüseyn qeyd edib ki, dörd il əvvəl, sonuncu dəfə Bakıya gələndə o, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşüb.

Şahzadə deyib: "İdmana göstərdikləri dəstəyə görə mən onlara sonsuz təşəkkürümü bildirirəm".

Ülyahəzrətləri, həmçinin səmimi qonaqpərvərliyə və Beynəlxalq Atçılıq Federasiyasının Baş Assambleyasının uğurlu təşkili üçün böyük əməyə görə Azərbaycan Atçılıq Federasiyasına minnətdarlığını bildirib.

Onun sözlərinə görə, Azərbaycanda at yarışları qədim tarixə malikdir və hələ eramızdan əvvəl VI əsrdə azərbaycanlıların belə yarışlarda iştirak etdiklərinə dair sübutlar var: "XII əsrdə isə Azərbaycanda bütün regiondan olan çaparların at yarışları keçirilirdi".

Bayram gecəsinin qonaqlarına Azərbaycan milli mətbəxinin nəfis təamları təqdim olunub. Gecədə xalq musiqisi, muğam və rəqs kollektivlərinin iştirakı ilə konsert proqramı keçirilib.

Dekabrın 11-14-də Bakıda Azərbaycan Atçılıq Federasiyasının (ARAF) dəvəti ilə Bey­nəlxalq Atçılıq Federasiyasının ali orqanı olan Baş Assam­bleyanın illik iclası keçiriləcək. İclasda Beynəlxalq Atçılıq Federasiyasının 350-dən çox nümayəndəsi və 110 ölkədən fəxri qonaqlar iştirak edəcəklər. Bu, indiyədək keçirilmiş Baş Assambleyalar tarixində re­kord göstəricidir.

Bey­nəlxalq Atçılıq Federasiyası (FEI) Baş Assambleyasının iclası dünyada atçılıq idmanı sahəsində mühüm hadisələrdən biridir. Hər il müxtəlif şəhərlərdə keçirilən tədbir bu il ilk dəfə Bakıda təşkil olunur. Bütün atçılıq milli federasiyalarının nümayəndələrinin toplaşdıqları forumda atçılıq idmanı qaydalarının inkişafının ən əhəmiyyətli məsələləri, maliyyələşmə problemləri, idarəetmə məsələləri və s. müzakirə edilir, qərarlar qəbul olunur.

Bu il Baş Assambleyada Beynəlxalq Atçılıq Federasiyası prezidentinin seçkiləri keçiriləcək. İnqmar de Vos (Belçika), Pyer Durand (Fransa), Pyer Genesand (İsveçrə), Ulf Xenqstand (Danimarka), Con Mak İven (İngiltərə) və Havyer Revuelta Del Peral (İspaniya) bu posta iddiaçıdırlar. Onlardan Con Mak İven FEI-nin vitse-prezidenti, İnqmar de Vos isə federasiyanın baş katibidir.

Dekabrın 13-də İordaniya Şahzadəsi Ülyahəzrətləri Haya Bint Al Hüseyn tərəfindən qonaqlar üçün xüsusi kokteyl-gecə keçiriləcək. Tədbirin qala-gecəsi dekabrın 14-də "Buta Palace"-da Beynəlxalq Atçılıq Federasiyası və ARAF tərəfindən birgə təşkil olunacaq. Qala-gecədə ilin ən yaxşı idmançısı, məşqçisi, meh­təri, komandası, gənc idmançısı və s. kimi nominasiyalar üzrə təltifetmə mərasimi keçiriləcək.

Qonaqların Bakı şəhəri ilə yaxından tanış olması məqsədi ilə dekabrın 11, 12, 13-də şəhər turları təşkil olunacaq. Gə­zintilər Xal­çaçılıq Muzeyini, Dövlət Bayrağı Meydanını, Heydər Əliyev Mərkəzini və Qala Tarixi Muzey Kompleksini əhatə edə­cək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti