Azərbaycan, Bakı, 25 dekabr /Trend/
"Karat" MTK-nın vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Karat" mənzil tikinti kooperativinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.
İstintaq zamanı "Karat" MTK-nın icraçı direktoru Rövşən Hacızadənin tanışı Qərib Əmiraslanovla qabaqcadan əlbir olub tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə MTK-nın Bakı şəhərində inşa etdiyi çoxmərtəbəli yaşayış binasında əvvəllər ayrı-ayrı şəxslərə satılmış 5 mənzili və 4 avtodayanacaq yerlərini təkrarən başqa şəxslərə satmaqla 1 milyon 112 min manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirmələrində şübhələr üçün əsaslar olduğundan R.Hacızadəyə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı), Q.Əmiraslanova isə 178.3.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilib.
İstintaq zamanı vurulmuş ziyanın qismən ödətdirilməsi təmin edilib.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.