...

"Azərsun Holdinq" və "Bazarstore" Bakı 2015 Avropa Oyunları tərəfindən Rəsmi Dəstəkçi elan edildi (FOTO)

Cəmiyyət Materials 3 Fevral 2015 18:49 (UTC +04:00)
Qida məhsulları istehsalçısı olan "Azərsun Holdinq" və "Bazarstore" supermarketlər şəbəkəsi Bakı 2015 Avropa Oyunları tərəfindən Oyunların Rəsmi Dəstəkçiləri elan ediliblər.
"Azərsun Holdinq" və "Bazarstore" Bakı 2015 Avropa Oyunları tərəfindən Rəsmi Dəstəkçi elan edildi (FOTO)

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Qida məhsulları istehsalçısı olan "Azərsun Holdinq" və "Bazarstore" supermarketlər şəbəkəsi Bakı 2015 Avropa Oyunları tərəfindən Oyunların Rəsmi Dəstəkçiləri elan ediliblər.

Oyunların Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycanda çox yaxşı tanınan bu iki şirkət ictimaiyyətin məlumatlandırılma səviyyəsini yüksəltməklə və Oyunlara marağı artırmaqla Bakı 2015 brendinin daha yüksək səviyyədə təbliğ olunmasına xidmət edəcək. Bu tədbirin Rəsmi Dəstəkçiləri kimi "Azərsun Holdinq" və "Bazarstore" Oyunlara qədər hazırlıq dövründə və Oyunlar müddətində eksklüziv marketinq fəaliyyəti imkanlarından faydalanacaqlar.

Azərbaycanın gənclər və idman naziri və BAOƏK-in baş icraçı direktoru Azad Rəhimov deyib: "Bu iki aparıcı Azərbaycan şirkətini birinci Avropa Oyunlarının Rəsmi Dəstəkçiləri kimi salamlamaq bizim üçün çox xoşdur. "Azərsun Holdinq" və "Bazarstore" artıq milyonlarla azərbaycanlının həyatının bir hissəsinə çevrilib və onların dəstəyi Bakı 2015 Avropa Oyunlarının inkişafını davam etdirməyə kömək edəcək".

"Azərsun Holdinq" özünün "Azərçay" brendi vasitəsilə Bakı 2015 Avropa Oyunlarının Rəsmi Çay Tədarükçüsüı, həmçinin Rəsmi Çay Məhsullarının Təchizatçısı olacaq.

"Azərsun Holdinq" Bakı 2015-in loqosundan istifadə etmək və marketinq və təbliğat fəaliyyətində Bakı 2015 brendini kompleks şəkildə əks etdirmək hüququna malikdir. Həmçinin, "Azərçay" məhsullarının qutu və qablarının üzərində Bakı 2015 Avropa Oyunlarının loqosu əks olunacaq və Oyunların başlanmasına qədər televiziya reklamlarında Bakı 2015-in brendi nümayiş etdiriləcək.

"Azərsun Holdinq"in baş icraçı direktoru Savas Uzan deyib: "Birinci Avropa Oyunlarının Rəsmi Dəstəkçisi olduğumuza görə fəxr edirik. Çay içmək ölkəmizin mədəniyyətinin və məşhur Azərbaycan qonaqpərvərliyinin vacib bir hissəsidir. Avropa Oyunlarının dəstəkçisi olmaqla Azərsun və Azərçay Bakı 2015 Avropa Oyunlarının qonaqlarının qəbul edilməsində iştirak edəcəklər".

"Bazarstore" əhaliyə satış məqsədilə Bakı 2015 Avropa Oyunlarının bütün rəsmi merçendayzinq məhsullarını istehsal etmək hüquqlarına malikdir. Bakı 2015 Avropa Oyunlarının Rəsmi Supermarketi kimi "Bazarstore" Avropa Oyunlarının rəsmi merçendayzinq məhsullarının satışını özünün əsas mağazalarında, bir sıra müvəqqəti satış mərkəzlərində və Heydər Əliyev adına Beynəlxalq Hava Limanındakı ticarət obyektində həyata keçirəcək. Bakı 2015 Avropa Oyunlarının brendi Azərbaycan ərazisindəki bütün "Bazarstore" mağazalarında, şirkətin nəqliyyat vasitələrinin üzərində, mağazadaxili reklamlarında, işçilərinin formalarında və müştərilər üçün bazar kisələrində, eləcə də reklam lövhələrində nümayiş etdiriləcək.

"Azərsun Holdinq"in İdarə Heyətinin üzvü Tahir Gözəl deyib: "Bazarstore-un Bakı 2015 Avropa Oyunlarının Rəsmi Supermarketi olduğuna və Azərbaycan üçün bu tarixi dövrdə iştirak etdiyimizə görə çox şadıq. Bakı 2015 Avropa Oyunlarının rəsmi merçendayzinq məhsullarının istehsalı və satışı ilə biz birinci Avropa Oyunlarının yaratdığı həyəcan və əhvali-ruhiyyəni işçilərimizə və müştərilərimizə çatdıracağıq. Bazarstore, Azərsun Holdinq və Azərçay Bakı 2015-i dəstəkləməklə qalib komandaya qoşulduqları üçün fəxr edirlər".

BAOƏK-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq söyləyib: "Bu sazişlər Azərbaycanın iki məşhur şirkətinin və "Azərsun"un çox sevilən brendi olan "Azərçay"ın Avropa Oyunlarına dəstəyi deməkdir. "Bazarstore" və "Azərsun"un komandamıza qoşulması ilə Bakı 2015 Avropa Oyunlarını insanların gündəlik həyatına gətirə biləcəyik".

Bu müqavilələrin bağlanması, "Bazarstore" və "Azərsun"un McDonald's Azərbaycan, Milla, Motorola Solutions, Sitecore və Tickethour şirkətlərinə qoşulmaları ilə Bakı 2015 Avropa Oyunlarının yeddi Rəsmi Dəstəkçisi oldu. Bundan əlavə, Azərbaycan Hava Yolları, BP, Coca-Cola, Nar Mobile, P&G, ARDNŞ və Tissot daxil olmaqla Bakı 2015-in yeddi Rəsmi Tərəfdaşı var.

Bakı 2015 Avropa Oyunlarının Kommersiya şöbəsinin direktoru Çarli Viceratna əlavə edib: "Azərsun və Bazarstore ilə bağlanan sazişlər bizim sponsorlarımızın sayını 14-ə çatdırdı və göstərdi ki, Bakı 2015 Avropa Oyunlarının brendi gündən-günə güclənməkdədir. Hər iki şirkət bizim mövcud güclü Rəsmi Dəstəkçilər və Rəsmi Tərəfdaşlar siyahımızı tamamlayır. Azərbaycanın ən yaxşı supermarketinin bizim həm obyektlərdə, həm də ölkədə merçendayzinqimizi və pərakəndə satışımızı idarə etməsi bu layihə üçün olduqca müsbət haldır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti