...

Komitə sədri: Dini ekstremizm amilindən də istifadə edərək Azərbaycana təzyiq göstərilməsinin şahidi oluruq

Cəmiyyət Materials 6 Fevral 2015 12:09 (UTC +04:00)
Bu gün Azərbaycanın bəzi bölgələrində müxtəlif xristian icmaları gəlib hansısa missionerlik fəaliyyəti göstərir.
Komitə sədri: Dini ekstremizm amilindən də istifadə edərək Azərbaycana təzyiq göstərilməsinin şahidi oluruq

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir İlkin İzzət/

"Bu gün Azərbaycanın bəzi bölgələrində müxtəlif xristian icmaları gəlib hansısa missionerlik fəaliyyəti göstərir. Azərbaycan ailəsinin əsas sütunu olan Azərbaycan qadını ənənəvi dəyərlərdən uzaqlaşaraq gedib həmin missionerlərin tədbirlərində xorla hansısa başqa dinə mənsub ayini oxuyursa, bu məni çox təəccübləndirir. Bu, onu göstərir ki, deməli bizim ailədaxili təbliğatımızda müəyyən çatışmazlığa yol vermişik. Biz buna imkan verməli deyilik". Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Müasir dövrün çağırışları: Ailə institutu və dini dəyərlərin vəhdəti" adlı konfransda bildirib.

Komitə sədri qeyd edib ki, hazırda Azərbaycanın müstəqilliyini müxtəlif amillərlə təhdid edən qüvvələr var: "Elə qüvvələr var ki, Azərbaycanın müstəqil inkişafına əngəl olmaq istəyirlər. Bu gün Azərbaycanın həyata keçirdiyi müstəqil siyasət kimlərisə qane etmir və onlar müxtəlif yollarla Azərbaycana təzyiq göstərməyə cəhd edirlər. Biz demokratiya pərdəsi altında, siyasi, iqtisadi amildən istifadə edilməsini, eləcə də hərbi, yəni təcavüzdən istifadə edilməsini müşahidə edirik. Eləcə də biz dini ekstremizm amilindən də istifadə edərək Azərbaycana təzyiq göstərilməsinin şahidi oluruq. Dini ekstremizm, dini radikalizm deyəndə biz yalnız özünün İslama aid olduğunu hesab edən mövcud radikal qrupları nəzərdə tutmuruq. Biz eyni zamanda, müxtəlif dinlərin Azərbaycanda yayılması cəhdlərini görürük".

M.Qurbalının fikrincə, ailədə verilən tərbiyə ciddi rol oynayır. Ona görə də ailə institutuna çox böyük diqqət yetirərək milli-mənəvi dəyərlərimizin düzgün təşviq edilməsinə imkan yaradılmalıdır: "Hər hansı ailədə radikal qrupun üzvü olan adam, gənc yetişirsə, deməli, həmin ailənin aparıcı tərbiyə funksiyasını yerinə yetirən ananın özünəməxsus qəbahəti var. Deməli, həmin ana tərbiyə işində hansısa qüsurlara yol verib. Biz bu hadisələri dərindən təhlil etməli, onların hansı səbəbdən baş verdiyini aydınlaşdırmalı və qabaqlayıcı tədbirlər görməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti