Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İlkin İzzət/
2014-cü il ərzində yol hərəkətinə nəzarət prosesində 2.355.222 yol hərəkəti qaydaları (YHQ) pozuntusu qeydə alınıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.
Ötən il nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 16.606, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 720.303, ötmə, manevr və qarşıdan gələn nəqliyyatın yoluna çıxma qaydalarının pozulması üzrə 233.968, yolayrıcıları keçmə qaydalarının pozulması üzrə 124.724, svetoforun qadağanedici siqnallarının pozulması üzrə 125.026, sərnişindaşıma qaydalarının pozulması üzrə 5.480 fakt aşkar edilib. YHQ pozuntusuna görə 2.774 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.
İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələrində nəzərdə tutulmuş xətaların avtomatik rejimdə işləyən nəzarət-ölçü cihazları vasitəsilə qeydə alındığı hallarda şəxsin iştirakı olmadan elektron formada tərtib edilən protokollar üzrə icraatla bağlı tədbirlər nəzarətdə saxlanılmaqla davam etdirilib. Ötən il ərzində Mərkəzi İnformasiya Sisteminə daxil olmuş 933.576 məlumat əsasında elektron formada protokollar tərtib edilməklə icraya yönəldilib.
Hesabat dövründə avtoxuliqanlıq etdiyinə görə 580, şüşələrinə plyonka və örtüklər çəkilmiş 7.901 avtomobil sürücüsü aşkar edilərək barələrində inzibati tənbeh tədbirləri görülüb.
Avtonəqliyyat vasitələrindən atılan zərərli tullantılarla atmosfer havasının çirklənməsinin qarşısının alınması, mühərriklərin işlənmiş qazlarındakı zərərli maddələrin miqdarı normadan artıq olan avtomobilləri müəyyən etməklə cavabdeh şəxslərin qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunmaları məqsədilə il ərzində aparılan yoxlamalar nəticəsində 4.405 avtomobilin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkar olunaraq müvafiq inzibati tədbirlər görülüb.
Yol-nəqliyyat hadisələrinin (YNH) profilaktikası sahəsində həyata keçirilmiş müvafiq tədbirlərin respublika üzrə bütövlükdə hadisələrin və onların ağırlıq dərəcəsinin artımının qarşısının alınmasına müsbət təsiri olub. Belə ki, ötən il ərzində respublika ərazisində 2635 YNH qeydə alınıb, nəticədə 1124 nəfər həlak olub, 2676 nəfər yaralanıb. 2013-cü illə müqayisədə YNH-lərin sayı 211 fakt (7,4%), həlak olanların sayı 40 nəfər (3,4%), yaralananların sayı isə 272 nəfər (9,2%) azalıb.
DİN BDYPİ YPXA-nın xidmət ərazisində hesabat dövründə 304 YNH qeydə alınıb. Bu hadisələr nəticəsində 318 nəfər həlak olub, 191 nəfər yaralanıb. Ötən illə müqayisədə YNH-lərin, həlak olanların və yaralananların sayı uyğun olaraq 19 fakt (5,9%), 25 nəfər (7,3%) və 19 nəfər (9%) azalıb.
Bakı şəhəri ərazisində 901 YNH qeydə alınıb, bunların nəticəsində 313 nəfər həlak olub, 894 nəfər yaralanıb. 2013-cü illə müqayisədə YNH-lərin, həlak olanların və yaralananların sayı uyğun olaraq 110 fakt (10,9%), 29 nəfər (8,5%), 106 nəfər (10,6 %) azalıb.
Respublika üzrə qeydə alınmış YNH-lərin 93,4%-i (2462) sürücülərin YHQ pozmaları, o cümlədən 33,1%-i (872) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 28,1%-i (741) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 8,4%-i (221) yolayrıcıları keçmə qaydalarının pozulması, 2,1%-i (55) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. YNH-lərin 37,5%-ni (988) piyadaların vurulması təşkil edib, nəticədə 373 piyada həlak olub, 696-sı yaralanıb. 97 YNH piyadaların YHQ pozmaları nəticəsində baş verib. Respublika üzrə qeydə alınmış YNH-lər nəticəsində 87 nəfər uşaq və yeniyetmə həlak olub, 242 nəfər yaralanıb. Ümumiyyətlə, qeydə alınmış YNH-lər nəticəsində həlak olmuş 1124 nəfərdən 907-si kişi, 217-si qadın, xəsarət almış 2676 nəfərdən isə 2004-ü kişi, 672-si qadın olub.