...

TQDK şagirdlərin inşa yazmalarına qiymət verdi, nəticə isə ürəkaçan olmadı

Cəmiyyət Materials 4 Mart 2015 11:54 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası şagirdlərin buraxılış imtahanlarında esse (inşa) yazılarının nəticəsinə ümumi şəkildə qiymət verib.
TQDK şagirdlərin inşa yazmalarına qiymət verdi, nəticə isə ürəkaçan olmadı

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası şagirdlərin buraxılış imtahanlarında esse (inşa) yazılarının nəticəsinə ümumi şəkildə qiymət verib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, 2014-cü ilin buraxılış imtahanlarının sual kitabçalarından reprezentativ şəkildə 25000 kitabça seçilib (IX sinif, Azərbaycan dili - 10000; XI sinif, Azərbaycan dili - 10000; IX sinif, rus dili - 2500; XI sinif, rus dili - 2500). Seçilmiş kitabçaların çoxunda şagird inşa yazısını yerinə yetirməyib. Yazılmış inşalar qiymətləndirilib və alınan nəticələrin həmin şagirdlərin buraxılış imtahanında ana dili (Azərbaycan bölməsində Azərbaycan dili, rus bölməsində rus dili) fənni üzrə göstərdikləri nəticələrlə korelyasiyasına baxılıb.

Nəticədə aydın olub ki, inşalar üzrə nəticə ilə Azərbaycan dili fənni üzrə nəticənin korelyasiyası zəifdir. Bu isə onu göstərir ki, şagirdlərdə öz fikrini ifadə etmək, sərbəst mühakimə yürütmək, müəyyən hadisə və proseslərə münasibətini bildirmək bacarıqları aşağı səviyyədədir.

TQDK şagird nailiyyətlərinin dinamikasını ölçmək məqsədilə 2013-cü il monitorinq imtahanlarında istifadə olunmuş sual kitabçalarından hər fənn üzrə iki variantı 2014-cü il monitorinq imtahanlarında həm 5-ci, həm də 6-cı siniflər üzrə istifadə edib. Bu variantlar üzrə yazı işləri qiymətləndirilərkən qiymətləndirmə meyarları da 2013-cü ildə olduğu kimi saxlanılıb və yoxlamaya 2013-cü ildə həmin variantlar üzrə yoxlamada iştirak etmiş ekspertlər cəlb olunub. Məlum olub ki, şagirdlərin müəyyən alt standartlar üzrə nəticələrində inkişaf olmayıb, bəzən isə hətta geriləmə olub. Belə halların əsas səbəblərindən biri biliklərin öyrənilməsində onların vərdişə, bacarığa çevrilməsinə deyil, əzbərçiliyə üstünlük verilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti