...

Milli təhlükəsizlik orqanlarının veteranları məktəblilərə nə tövsiyə etdilər?

Cəmiyyət Materials 16 Mart 2015 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir İlkin İzzət/

Milli təhlükəsizlik orqanlarının veteranları məktəblilərlə görüşüblər.

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr İdarəsindən Trend-ə bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclərimizin vətənpərvərlik, tariximizə, milli adət-ənənələrimizə, maddi-mənəvi dəyərlərimizə hörmət ruhunda yetişdirilməsi və tərbiyə edilməsi sahəsində apardığı məqsədyönlü siyasətinin həyata keçirilməsində Milli Təhlükəsizlik Nazirliyi də daim ön sıradadır. Mütəmadi olaraq milli təhlükəsizlik orqanlarının rəhbər işçilərinin, əməkdaşlarının, veteranlarının iştirakı ilə respublikanın ali və orta məktəblərində müəllim-professor heyəti, tələbələr və şagirdlərlə görüşlər təşkil olunur, həmin tədbirlərdə gənc nəslə vətənpərvərlik, xalqa məhəbbət, azərbaycançılıq, dövlətçilik maraqlarına və mənafelərinə sədaqət ruhu aşılanır.

Belə görüşlərdən biri də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaranmasının 96-cı ildönümü ərəfəsində Xətai rayonundakı Zaur Məmmədov adına 171 saylı orta məktəbdə keçirilib.

Tədbirdə məktəbin pedaqoji və şagird kollektivi, Milli Təhlükəsizlik Nazirliyinin veteranları və Xətai rayon idarəsinin əməkdaşları iştirak edib. Görüş iştirakçıları əvvəlcə məktəbin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olublar.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rövşən Qasımov müəllimlər və şagirdlər adından Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyətini qarşıdan gələn peşə bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. O, belə bir görüşün onların məktəbində keçirildiyi üçün milli təhlükəsizlik naziri Eldar Mahmudova minnətdarlığını bildirib.

Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Tofiq Məmmədov yeniyetmə və gənclərlə bu cür görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq bildirib ki, təhlükəsizliyini qoruya bilməyən dövlət müstəqil ola bilməz. Ulu öndər Heydər Əliyev də ömrünün 25 ilini təhlükəsizlik orqanlarında xidmətə həsr edib. Dövlət müstəqilliyimizin qorunmasında, ölkədə dayanıqlı sabitliyin yaradılmasında, sosial-iqtisadi inkişaf siyasətinin uğurla həyata keçirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Bu siyasi kurs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan günü-gündən daha da qüdrətlənir. Bu nailiyyətlərin əldə edilməsində dövlət başçısının rəhbərliyi ilə Milli Təhlükəsizlik Nazirliyinin xidmətləri təqdirəlayiqdir.

Təhlükəsizlik orqanlarının veteranı Şirin Hacıkərimov milli təhlükəsizlik orqanlarının yarandığı gündən indiyədək keçdiyi çətin və şərəfli tarixi yol barədə məlumat verib, ulu öndər Heydər Əliyevin bu orqanlarda apardığı milliləşdirmə prosesindən danışıb. MTN-in xalqımızın maraqlarının etibarlı təmin olunması sahəsində gördüyü işlərin ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandığını bildirən veteran Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və uğurlu siyasət nəticəsində müstəqil Azərbaycanın sürətlə inkişaf etdiyini və nüfuzlu dövlətə çevrildiyini qeyd edib.

Veteran Tofiq Babayev ümummilli liderin gənc nəslə daim xüsusi diqqət və qayğı göstərdiyini, ulu öndərin gənclərin ölkəmizin ictimai-siyasi, mədəni həyatında layiqli yer tutması, milli kadr kimi formalaşmasına ciddi önəm verdiyini bildirib. Dahi şəxsiyyətin şərəfli ömür yolu hər bir vətənpərvər azərbaycanlı, xüsusilə də gənclər üçün əsl həyat məktəbidir. Heydər Əliyev gənclərin qarşısında başlıca vəzifəni müəyyən edib: "Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədiliyinə həsr etməkdən ibarət olmalıdır".

Sonra məktəblilərin ifasında Azərbaycana, Vətənə, igidliyə həsr olunmuş səhnəciklər nümayiş olunub, şeirlər və musiqi kompozisiyaları səsləndirilib. Tədbirin sonunda Azərbaycanın təhlükəsizlik orqanlarının ölkəmizin maraqları və təhlükəsizliyi naminə fədakar fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti