Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanda şagirdlərin oxuma, yazma və riyazi biliklərini yoxlayan standartlaşdırılmış beynəlxalq test imtahanının - SAT-ın (Scholastic Aptitude Test - Akademik Qiymətləndirmə Testi) mayın 2-də keçirilməsi nəzərdə tutulur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, imtahanda iştirak etmək istəyənlərin qeydiyyatı davam edir və son müraciət vaxtı aprelin 7-si saat 09:00-da bitəcək.
İmtahan mayın 2-də saat 08:30-da TQDK-nın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1A ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasilələrsiz).
İmtahanda iştirak edəcək şəxslər saat 07:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər imtahan zalına buraxılmayacaqlar.
Qeyd edək ki, SAT imtahanının nəticəsi ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul olmağa imkan verir. Bu imtahan Azərbaycanda ilk dəfə bu il yanvarın 24-də keçirilib.