...

Bakıda Avropa səyahət bazarı təşkil olunub (FOTO)

Cəmiyyət Materials 1 Aprel 2015 18:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 aprel /Trend/

Bu gün Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakıda Avropa səyahət bazarının ("Baku Travel Bazaar Europe") açılış mərasimi keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycanda lüks (elit) turizmin inkişaf etdirilməsi məqsədilə təşkil olunan tədbirə müxtəlif ölkələrin bu turizm sahəsi üzrə qabaqcıl şirkətləri və media nümayəndələri qatılıblar.

Açılış mərasimində çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov dünya iqtisadiyyatında turizmin önəmindən danışıb. Bildirib ki, turizm dünyada gəlir gətirən sahə kimi gündən-günə inkişaf edir. Son illər ölkəmizdə Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində turizm mühüm inkişaf yolu keçib: "Azərbaycanın coğrafi mövqeyi, təbii şəraiti, zəngin mədəni irsi, tarixi abidələri turizm imkanlarımızın böyük perspektivi olduğunu göstərir. Bu da öz növbəsində, turizmin müxtəlif növlərinin inkişafına zəmin yaradır".

Sektor müdiri turizm sahəsində dövlət siyasətindən söz açıb, ümumi daxili məhsulda turizmin payının tədricən artdığını deyib. Bildirib ki, Bakıda Avropa səyahət bazarı kimi tədbirlərin keçirilməsi ölkəmizdə turizmin inkişafına müsbət təsir göstərərək iştirakçıların potensial tərəfdaşlarla və müxtəlif istiqamətlər üzrə yeniliklərlə tanış olmasına imkan yaradır, əməkdaşlıq əlaqələrinin qurulmasına xidmət edir.

Qeyd edək ki, Bakıda Avropa səyahət bazarı tədbirində Türkiyə, İspaniya, İtaliya Böyük Britaniya, Yunanıstan, Rusiya, İsveçrə, Fransa, Almaniya, ABŞ kimi ölkələrin lüks turizm sahəsində tanınmış 70-dən artıq şirkəti iştirak edir. Tədbir çərçivəsində görüş və seminarlarla yanaşı, mükafatların təqdim ediləcəyi müsabiqə də keçiriləcək.

"Baku Travel Bazaar"ın il ərzində bir neçə dəfə təşkili nəzərdə tutulub. Tədbirlər "Baku Travel Bazaar Wellness", "Baku Travel Bazaar Exotic", "Baku Travel Bazaar Adventures" kimi adlarda müxtəlif mövzulara həsr olunacaq.

Lüks turizmində qonaqların arzularına uyğun olaraq yüksək səviyyədə xidmətlər göstərilir. Bu turizm növü ilə məşğul olan şirkətlər qonaqlarını brend hotellər, özəl təyyarələr, yaxtalar, minik avtomobilləri ilə təmin edir. Yüksəksəviyyəli xidmət göstərən turizm obyektlərində turistlərə asudə vaxtlarını daha maraqlı keçirmələri üçün xizək, qolf, dalğıc, idman avtomobil turları, paraşütdən tullanma, sörfinq və s. yaddaqalan istirahət imkanları yaradılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti