Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycan və Rusiya alimləri Qafqazın seysmik durumu, geodinamik prosesləri, neft-qazlılığı, palçıq vulkanları və ekoloji geofizikasına dair birgə tədqiqatlar aparacaq.
Bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) ilə Rusiya Elmlər Akademiyasının O.Y.Şmidt adına Yer Fizikası İnstitutu (YFİ) arasında müqavilə bağlanıb.
Geologiya və Geofizika İnstitutundan Trend-ə verilən məlumata görə, AMEA-nın prezidenti, GGİ-nin direktoru, akademik Akif Əlizadə ilə YFİ-nin direktoru, fizika-riyaziyyat elmləri doktoru Sergey Tixotski tərəfindən sənədin imzalanmasında məqsəd Şimali və Cənubi Qafqaz, həmçinin regionun Xəzəryanı ərazilərinin geologiya və geofizikasının fundamental, tətbiqi məsələlərinin öyrənilməsi istiqamətində elmi potensialların birləşdirilməsidir.
Sənədə əsasən, GGİ və YFİ birgə ekspedisiya və laboratoriya işləri həyata keçirəcək. Tədqiqatların nəticələrinə dair elmi-praktik konfrans və seminarlar təşkil olunacaq. Qurumların elmi tədqiqat fondları və kitabxanalarından qarşılıqlı istifadə, elmi-texniki, metodik və maddi imkanlardan müştərək nəşrlər üçün birgə yararlanmaq da müqavilədə nəzərdə tutulan məsələlərdəndir.
İlkin mərhələdə tədqiqatlar "Qafqaz-Xəzər regionunun müasir geodinamikası, geofiziki sahəsi, yeraltı quruluşu, neft-qazlılığı, palçıq vulkanizmi və seysmikliyi" və "Qafqaz regionunun müasir geodinamikası, geofiziki sahəsi, Yer qabığının gərgin vəziyyəti, seysmiklik və seysmik proqnoz" mövzuları üzrə aparılacaq. Bunlardan əlavə, Yerin təkindəki geofiziki proseslərin ekologiyaya təsirini öyrənmək də müqavilənin hədəflərindəndir.
Bütün bu işlər beşillik müqavilənin icrasına dair tərtib olunmuş proqram əsasında həyata keçiriləcək.