...

"Kitabi Dədə-Qorqudun izi ilə" - Azərbaycan bölgələrinə (FOTO)

Cəmiyyət Materials 13 Aprel 2015 13:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Aprelin 11-13-də millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin rəhbərliyi və iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə Beyləqan və Xocavənd rayonlarında "Kitabi Dədə-Qorqudun izi ilə" adlı silsilə tədbirlər keçirilib.

Alman şərqşünasına böyük ehtiramla

Fonddan Trend-ə verilən məlumata görə, ""Kitabi-Dədə Qorqud" abidəsinin alman şərqşünas alimi Haynrix Fridrix fon Dits tərəfindən üzə çıxarılması, nəşr edilməsi və dünya elm aləminə tanıdılmasının 200 illiyinin qeyd olunması haqqında" Prezident İlham Əliyevin məlum Sərəncamına əsasən keçirilən tədbirlərdə AMEA-nın, müxtəlif universitetlərin alimləri, Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizim Mərkəzi, BSU-nun əməkdaşları, yerli və xarici tələbələr, məktəblilər, bölgə ziyalıları, mətbuat nümayəndələri olmaqla, ümumilikdə 100 nəfərdən çox şəxs iştirak edib. Aprelin 11-də K.Abdullayevin rəhbərliyi ilə tədbir iştirakçıları Xocavənd rayonuna gələrək ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyublar.

Sonra Xocavənd rayon Mədəniyyət Evində rayon ictimaiyyəti ilə tədbir iştirakçılarının görüşü keçirilib. Tədbirin əvvəlində "Kultura plyus" internet televiziyasının hazırladığı "Qaraca Çoban" və Xocavənd icra hakimiyyətinin dəstəyi ilə ekranlaşdırılan "Xocavəndlilər təqdim edir" silsiləsindən "Namusumuz-Qarabağ" filmləri göstərilib. Tədbiri açan Xocavənd rayon icra hakimiyyəti başçısı Eyvaz Hüseynov akademik K.Abdullayevin artıq ikinci dəfədir Xocavənddə olduğunu xatırladaraq bu səfərin də xüsusi tarixi əhəmiyyət daşıdığını vurğulayıb: ""Kitabi-Dədə Qorqud" bizim tariximizdir, milli -mənəvi varlığımızdır. Bu tədbirin Xocavənddə keçirilməsinin əhəmiyyəti ondan ibarətdir ki, dastanda baş verən hadisələrin bir qismi məhz bu rayonun ərazisində cərəyan edib".

"Azərbaycanın gücü əhalisini təşkil edən xalqların gücündən ibarətdir..."

Akademik K.Abdullayevin üç günlük səfəri təkcə iştirakçılar və qonaqlar üçün yox, ümumiyyətlə cəmiyyət üçün son dərəcə vacib hadisə kimi səciyyələndirib: "Bu, bizim ümumi mədəni dirçəlişimizin son dərəcə dəqiq bir təsviridir. Ulu öndərin sözlərini yada salsaq, Azərbaycanın gücü əhalisini təşkil edən xalqların gücündən ibarətdir. Belə bir ictimai bütövlük istər-istəməz mədəni bütövlüyə gətirən yoldur. Azərbaycan xalqının qədim tarixi, bu günü ilə bağlı mədəni, mənəvi sərvəti sayıla bilən hər bir dəyər dövlət, ictimaiyyət səviyyəsində yüksək dərəcədə qeyd olunur. Prezident İlham Əliyevin fevral ayında imzaladığı "Kitabi-Dədə Qorqud"un öyrənilməsi, tərcüməsi və ilk dəfə nəşr edilməsinin 200 illiyinə həsr edilmiş Sərəncam bunun çox gözəl bir göstəricisidir. "Kitabi-Dədə Qorqud" dastanlarının xalqımızın həyatında tutduğu yeri sözlə ifadə etmək çətindir. Düz 200 il bundan öncə alman şərqşünası və alimi, Hötenin yaxın dostu Haynrix Fridrix fon Dits özündə əlyazması olan "Kitabi-Dədə Qorqud" dastanlarından "Basatın Təpəgözü öldürdüyü boy"u alman dilinə tərcümə edərək ayrıca kitab şəklində çap etdirib. Həmin kitaba yazdığı geniş önsözdə əsl şərqşünas kimi dastanı yunan mifoloji mətnləri ilə müqayisə edib. Avropa yunan miflərini yaxşı tanıyırdı, amma "Kitabi-Dədə Qorqud"dan xəbərsiz idi. Bir bilinməzin bilinən mətn tərəfindən izahı çox məqsədəuyğudur. "Kitabi-Dədə Qorqud"un dünya elminə səyahəti məhz Fridrix fon Ditsdən sonra başladı.

İl ərzində müxtəlif məktəblərin şagirdləri ilə müxtəlif rayonlarda "Kitabi-Dədə Qorqud" dastanlarının bu və ya digər məziyyətlərini öyrənməklə bir daha öz əcdadlarımıza mənəvi borcumuzu ödəməyə çalışacağıq".

K.Abdullayev bildirib ki, Xocavənddə yaşlı nəslin nümayəndələri "Kitabi-Dədə Qorqud" dastanlarını oxumadıqları halda, Qaraca Çoban, eləcə də dastandakı bir çox nüanslarla bağlı bilgilərə sahibdirlər: "Əgər rəvayətlər yerli əhalinin qəlbində, beynində yaşayırsa, deməli, qan yaddaşı ilə bağlıdır və bu qəhrəmanların mənsubiyyətinə şəkk gətirmək olmaz. Məhz buna görə biz Prezidentin sərəncamının icrasına belə bir müqəddəs yerdən başlamaq istədik. Bu gün biz sizin qapınıza gəlmiş Allah qonağıyıq. Siz Allah qonağını yüksək səviyyədə qarşıladınız".

Çıxışının sonunda K.Abdullayev "Allah qonağı" kimi təşrif buyurmuş nümayəndə heyətini yüksək səviyyədə qarşılayıb qonaqpərvərlik nümayiş etdirdiyinə görə Xocavənd rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Görüşdə Bakı Slavyan Universitetin rektoru Asif Hacıyev, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, "Xocavənd" qəzetinin baş redaktoru Gültəkin Ağayeva, professor Məhəbbət Mirzəliyeva, Sevinc Mürvətqızı, məktəb rəhbərləri və şagirdlər tədbirin əhəmiyyətindən danışıb, "Kitabi-Dədə Qorqud"un Azərbaycan xalqını dünyaya hərtərəfli tanıdacaq səviyyədə dastan olduğunu qeyd ediblər. Tədbirin rəsmi hissəsi yekunlaşandan sonra akademik məktəblilərlə səmimi söhbət aparıb, xatirə şəkilləri çəkdirib.

Eyni vaxtda dörd məktəb qardaşlaşdı

Bilik Fondunun təşkilatçılığı ilə keçirilən tədbirlər aprelin 12-də Beyləqan rayonunda davam etdirilib. İştirakçılar Heydər Əliyev Mərkəzində Ulu Öndərin abidəsini ziyarət etdikdən sonra rayonda aparılan tikinti-quruculuq işləri ilə tanış olublar. Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi və yeni təmir olunmuş stadionla tanış olan qonaqlara ətraflı məlumatlar verilib.

Sonra Beyləqan rayon Mədəniyyət Evində keçirilən mərasimdə Bilik Fondunun "İlboyu bilik" proqramı əsasında "Qardaşlaşmış məktəblər" layihəsinin növbəti mərhələsi icra olunub. Layihə çərçivəsində dörd orta ümumtəhsil müəssisəsi - Bakı şəhəri İlyas Əfəndiyev adına Elitar Gimnaziya, Xocavənd rayonu Salakətin kənd, Qəbələ rayonu 1 saylı Nic qəsəbə və Beyləqan rayonu 1 saylı tam orta məktəbləri arasında "Qardaşlaşma sazişi" imzalanıb. İndiyədək qırxa yaxın məktəbi qardaşlaşdıran Bilik Fondu ilk dəfədir ki, 4 məktəbi eyni vaxtda qardaşlaşdırır. Bu məktəblərdə Azərbaycanda yaşayan müxtəlif xalqların nüməyəndələri təhsil alır.

Kamal Abdullayev: "Ulu öndərin ruhu qarşısında sədaqət andı içirik"

Sazişin imzalanmasından sonra K.Abdullayev şagirdlərin "Qardaşlıq sazişi"nə imza atmaqla yeni dostlar qazandıqlarına və bu dostluğun uzun müddət davam edəcəyinə inandığını bildirib: "Bu, sadəcə simvolik saziş deyil, son dərəcə mühüm bir vətənpərvərlik aksiyasıdır. Biz bu gün Ümummilli liderin qarşımıza qoyduğu tolerantlıq, qardaşcasına münasibət, Azərbaycanda olan bütün xalqların və dinlərin həmahənglik yolunu tutaraq əslində həm də Ulu Öndərin ruhu qarşısında sədaqət andı içirik".

Çıxışının sonunda Dövlət müşaviri yaradılan şəraitə görə həm Beyləqan, həm də Xocavənd rayonlarının rəhbərliyinə minnətdarlığını bildirib və qardaşlaşan məktəblərin şagirdlərinə rəhbərlik etdiyi qurumlar adından hədiyyələr və kitablar təqdim edib.

""Kitabi-Dədə Qorqud" əxlaq və mənəviyyat dərsliyimizdir"

Həmin gün ""Kitabi-Dədə Qorqud" əxlaq və mənəviyyat dərsliyimizdir" mövzusunda şagird, tələbə və müəllimlərin iştirakı ilə elmi-praktik konfrans da keçirilib. Konfransı açan akademik K.Abdullayev bildirib ki, bəlkə də çoxları "Kitabi-Dədə Qorqud" dastanlarının repressiya olunmuş bir epos olduğundan məlumatsızdır: "Sovet rejiminin ağır illərində bu dastanı oxumaq mümkün deyildi. Ancaq 50-ci illərin axırlarında xalq öz dastanına bir daha qovuşa bildi. Alimlərimiz dastanla bağlı tədqiqatlar yazdılar, yazıçılar bu əsərlər ətrafında müxtəlif janrlarda xeyli əsərlər yaratdılar. Bundan sonrakı dövr ərzində də "Kitabi-Dədə Qorqud"la bağlı silsilə tədbirlər həyata keçirərək bu ölməz dastanımıza məhəbbətimizi nümayiş etdirəcəyik".

Konfransda AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Süleymanova "Xocavənddə yaşayan tarix", ədəbiyyatşünas alim Rüstəm Kamal "Dilimizin və ruhumuzun abidəsi" mövzusunda məruzələrlə çıxış ediblər.

Beyləqandakı N saylı hərbi hissənin əsgəri, Bakı Slavyan Universitetinin məzunu Elnur Mustafayevin çıxışı isə böyük alqışlarla qarşılanıb. Əsgər vətənin müdafiəsində Dədə Qorqud dastanlarındakı kimi şücaət göstərməyə qadir olduqlarını dilə gətirib.

Tədbirdə qardaşlaşmış məktəblərin şagirdləri "Kitabi-Dədə Qorqud" dastanlarının süjetlərini əks etdirən maraqlı ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

"Savalan" qrupunun təqdim etdiyi ifalar da konfrans iştirakçılarının marağına səbəb olub.

Konfransın yekununda K. Abdullayev "Kitabi-Dədə Qorqud"un hər bir boyunu, hər bir hekayəsini həyat dərsi kimi səciyyələndirib: "Düşünürəm ki, konfrans alındı, biz bir daha "Kitabi-Dədə Qorqud" dastanının Azərbaycan ədəbiyyatında, dilçiliyində, folklorunda, mədəniyyətində, tarixində yeri və rolu haqqında dəyərli məlumatlar aldıq. İnanıram ki, Dədə Qorqud işığı heç zaman bu məktəblilərin ürəyindən və simalarından əskik olmayacaq".

Ordumuzun gücünü bir daha gördük

Günün ikinci yarısında nümayəndə heyəti Bilik Fondunun təşəbbüsü ilə Beyləqanın N saylı hərbi hissəsində əsgər və zabitlərlə görüşüb. Hərbi hissəyə Bilik Fondunun hazırladığı sovqat və hədiyyələr, kitablar təqdim olunub. Ordumuza məxsus silah və hərbi texnika tədbir iştirakçılarına nümayiş etdirilib. K.Abdullayev hərbi hissədəki çıxışı zamanı hər bir Azərbaycan vətəndaşının milli ordumuzla fəxr etdiyini dilə gətirib. Akademik bildirib ki, şagirdlərlə əsgərlərin bu cür görüşü hər iki tərəf üçün yaddaqalan olacaq. K.Abdullayev erməni qəsbkarları tərəfindən işğal olunan torpaqlarımızın tezliklə azad olunacağına və bu cür görüşlərin doğma yurdlarımızda keçiriləcəyinə inamını ifadə edib. Sonra qonaqlar əsgər və zabitlərlə hərbi hissənin yeməkxanasında nahar zamanı əsgərlərlə söhbətləşiblər, onların süfrələrinin qonağı olublar. Söhbət zamanı əsgərlər xidmət şəraitlərin yüksək olduğunu - onlara hər gün dadlı ev yeməkləri verildiyini və əvvəlki illərdən fərqli olaraq yeməkləri mülki şəxslərin hazırladığını deyiblər.

Nahardan sonra hərbi hissənin meydanında konsert proqramı təşkil olunub, əsgərlərlə qonaqlar birgə rəqs ediblər. Hərbi hissənin kəşfiyyat taqımı xüsusi döyüş bacarığını nümayiş etdirib. Onların çıxışı böyük coşqu ilə qarşılanıb, qonaqlar tərəfindən xüsusi olaraq vurğulanıb ki, belə əzəmətli ordusu olan ölkənin torpağı işğal altında qalmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti