Azərbaycan, Bakı, 15 aprel /Trend/
Aprelin 14-də Belçikanın paytaxtı Brüsseldə Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə "Bakı-2015" birinci Avropa Oyunlarının təqdimat mərasimi keçirilib.
Heydər Əliyev Fondundan Trend-ə bildiriblər ki, Brüsselin "Egmont" sarayında təşkil olunan təqdimat mərasimində Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Olimpiya Komitəsinin sabiq prezidenti Jak Roqqe, Belçika Olimpiya Komitəsinin baş katibi Filip Vander Putten və Avropa Parlamentinin vitse-prezidenti Riçard Henri Çarnetski çıxış ediblər.
Belçikanın ictimai-siyasi xadimlərinin, bu ölkədə akkreditasiya olunan səfirliklərin nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanda birinci Avropa Oyunlarına hazırlıq işlərindən bəhs olunub və "Bakı-2015"ə həsr olunan film nümayiş etdirilib. Filmdə Heydər Əliyev Fondunun prezidenti, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi ilə "Bakı-2015" üzrə hazırlıqlar, Azərbaycanda idman sahəsinin inkişaf etidirilməsi baxımından həyata keçirilmiş işlər barədə məlumat verilir.
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın son illərdə idman sahəsində əldə etdiyi uğurlardan danışaraq birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin bu nailiyyət və idmana dövlət qayğısının nəticəsi olduğunu bildirib.
Beynəlxalq Olimpiya Komitəsinin sabiq prezidenti Jak Roqqe Azərbaycanın ev sahibliyi edəcəyi bu mötəbər tədbirin idmançılar, o cümlədən dünya gənclərini ruhlandıracağına əminliyini bildirib və çox qısa vaxtdan sonra, iyun ayında Azərbaycanda böyük idman bayramının şahidi olacaqlarını söyləyib.
"Bakı-2015" birinci Avropa Oyunlarının uzun müddət yaddaşlarda qalacağını diqqətə çatdıran Belçika Olimpiya Komitəsinin baş katibi Filip Vander Putten və Avropa Parlamentinin vitse-prezidenti Riçard Henri Çarnetski bu önəmli idman tədbirinin ölkələr arasında əlaqələrin genişlənməsi baxımından da əhəmiyyətli olduğunu vurğulayıb.
Daha sonra qonaqlara pianoçu, caz ifaçısı Elçin Şirinov və onu müşayiət edən musiqiçilər tərəfindən müxtəlif caz kompazisiyaları təqdim edilib. Tədbir iştirakçıları, eyni zamanda paytaxt Bakı və Azərbaycanın regionları ilə tanışlıq imkanı yaradan foto-sərgi ilə də tanış olublar. Sonda qonaqlara Heydər Əliyev Fondunun müxtəlif nəşrləri - kitablar, musiqi diskləri hədiyyə edilib.
Xatırladaq ki, iyunun 12-dən 28-dək Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində Heydər Əliyev Fondu tərəfindən bir sıra ölkələrdə "Bakı-2015"in təqdimatına həsr olunan tədbirlər keçirilir. Bu təqdimat mərasimləri birinci Avropa Oyunlarının əhəmiyyətinin çatdırılması, Təşkilat Komitəsi tərəfindən görülən işlər barədə məlumatlandırma, Azərbaycanın tarixi və mədəniyyətinin təbliğı baxımından önəmlidir.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı-2015” Brüsseldə təqdim olunub (FOTO)
Aprelin 14-də Belçikanın paytaxtı Brüsseldə Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimat mərasimi keçirilib.