Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanda bu günədək 58006 abituriyent ali məktəbə qəbul olunmaq üçün keçirilən imtahanlarda iştirak etmək məqsədi ilə sənəd verib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, ali təhsil müəssisələrinə I, II, III və IV ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlər üçün ərizələrin qəbulu aprelin 30-dək davam edəcək.
Qəbul imtahanları əvvəlki illərin məzunları üçün may ayında, cari ilin məzunları üçün isə iyul ayında keçiriləcək.
Müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin ixtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra bir yerdə aparılacaq.