Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanda I Avropa Oyunlarının keçiriləcəyi müddətdə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və onun yerlərdəki şöbələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bunu Trend-ə Mərkəzin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev bildirib.
Onun sözlərinə görə, Oyunların keçiriləcəyi müddətdə su və qida məhsullarının təhlükəsizliyinin təmin etmək məqsədilə mərkəzdə daimi olaraq növbətçilər fəaliyyət göstərəcək. Bununla yanaşı, su təminatı ilə məşğul olan şirkətlərin işçiləri də gücləndirilmiş iş rejimində işləyəcək.
İ.Abdullayev deyib ki, mərkəzin işçiləri tərəfindən qidaların verilməsində sanitar-gigiyena qaydalarına riayət olunması məqsədilə müəyyən nəzarət tədbirləri həyata keçiriləcək. Artıq həmin müddət ərzində su və qida məhsullarının təhlükəsizliyi məsələsinə nəzarət edəcək məsul şəxslər də müəyyənləşdirilib.