Azərbaycan, Bakı, 28 aprel /Trend/
IDEA İctimai Birliyi gəncləri ətraf mühit sahəsində ixtisaslaşmağa və bu sahədə çalışmağa həvəsləndirmək məqsədilə aprel ayından etibarən "Uğura gedən yol" adlı layihəyə başlayıb.
Trend-in məlumatına görə, layihə çərçivəsində ekologiya sahəsində təhsil alan və ya bu sahəyə həvəs göstərən gənclərin ətraf mühit və davamlı inkişaf sahələrində peşəkar səviyyədə uğur əldə edən şəxslərlə görüşləri təşkil olunacaq. IDEA İctimai Birliyi bu yolla gəncləri müasir dünyada nüfuzlu sayılan ətraf mühit və davamlı inkişaf sahələrinə yönəltməklə, ölkədə ixtisaslaşan və peşəkar mütəxəssislərin yetişməsinə töhfə vermək niyyətindədir.
"Uğura gedən yol" layihəsi çərçivəsində ilk görüş "Azərsun Holdinq"ə məxsus Azərbaycan Kağız Karton İstehsalı Kombinatının (AKKİK) baş mütəxəssisi Bəxtiyar İsmayılovun iştirakı ilə aprelin 27-i baş tutub.
Görüş zamanı B.İsmayılov gənclərə davamlı inkişaf, o cümlədən təkrar istehsal sahəsindəki təcrübəsi və peşəkar fəaliyyəti, qazandığı uğurların sirləri və özünü inkişaf etdirməyin yolları haqqında geniş məlumat verib. Qeyd olunub ki, sözügedən sahədə çalışmaq maddi baxımdan əlverişli olmaqla yanaşı, ölkəmizin ətraf mühitinin mühafizəsi üçün faydalı hesab olunur. Görüşün sonunda ekspert gəncləri maraqlandıran sualları cavablandırıb.
"Uğura gedən yol" layihəsi çərçivəsində ayda bir dəfə IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində ətraf mühit və oxşar sahələrdə uğurlu karyera quran insanlarla gənclərin görüşü təşkil olunacaq.
Növbəti görüşlər barədə elanlar IDEA İctimai Birliyinin rəsmi internet səhifəsində və sosial mediada yerləşdiriləcək. Layihə haqqında əlavə məlumat əldə etmək istəyən şəxslər 4976316 şəhər nömrəsi və ya [email protected] elektron poçt ünvanı vasitəsilə IDEA İB ilə əlaqə saxlaya bilərlər.