Azərbaycan, Bakı, 30 aprel /Trend/
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Hüquq komitəsinin iclası keçirilib.
Trend-in məlumatına görə, aprelin 29-da keçirilən iclasda ASA-nın sədri Orxan Bayramov, qurumun hüquqşünası Cavid Məhərrəmov, adı çəkilən komitənin sədri, "AXA MBASK" sığorta şirkətinin Hüquq və subroqasiya departamentinin müdiri Fuad Musa, eləcə də komitənin digər üzvləri - "PAŞA Sığorta", "Atəşgah Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Meqa Sığorta", "Atasığorta", "Bakı Sığorta" və "Buta Sığorta" şirkətlərinin təmsilçiləri iştirak edib.
Tədbirdə Maliyyə Nazirliyi tərəfindən qəbul olunan "Azərbaycan Respublikasında sığorta bazarının 2015-2017-ci illərdə inkişafı üzrə Tədbirlər Planı"nda nəzərdə tutulmuş məsələlər - sığorta bazarı üçün ümumi şikayət prosedurunun müəyyən edilməsi, sığorta agentlərinin və sığortaçıların davranış məcəlləsinin hazırlanması, dələduzluq hallarının qarşısının alınması üçün telematik qurğuların tətbiqilə bağlı müzakirələr aparılıb. Bütün bu məsələlər komitənin iş planlarına daxil edilib. Onların həlli mexanizmləri hazırlanmaqdadır.