...

ƏƏSMN-nin e-xidmətlərindən 212500-dən çox istifadə qeydə alınıb

Cəmiyyət Materials 20 May 2015 11:36 (UTC +04:00)
Cari ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidmətindən istifadə sayı 151020 ədəd təşkil edib.
ƏƏSMN-nin e-xidmətlərindən 212500-dən çox istifadə qeydə alınıb

Azərbaycan, Bakı, 20 may /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "İş yerinə dair arayış" elektron xidmətindən istifadə edən vətəndaşların sayı artmaqda davam edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, cari ilin aprel ayında bu e-xidmətdən faydalanan şəxslərin sayı yanvar ayı ilə müqayisədə 40,4%, fevral ayı ilə müqayisədə 32,3%, mart ayı ilə müqayisədə isə 69,6% artaraq 14018 nəfər təşkil edib. Ötən ilin dekabrında istifadəyə verilən "İş yerinə dair arayış" elektron xidməti vasitəsilə cari il mayın 1-dək ümumilikdə 61564 nəfərə müvafiq arayışların verilməsi təmin olunub. Bununla da həmin vətəndaşların müvafiq arayışları almaq üçün işlədikləri müəssisənin aidiyyəti şəxslərinə müraciət etmələrinə, bu proses üçün vaxt və əziyyət sərf etmələrinə ehtiyac qalmayıb.

Vətəndaşların fəal şəkildə və real vaxt rejimində yararlandıqları bu e-xidmət eyni zamanda arayışın təqdim olunduğu təşkilatlara həmin arayışlarda əksini tapan məlumatların, o cümlədən əmək haqqı barədə göstəricilərin dürüstlüyünü yoxlamaq imkanı verir. Bunun üçün e-arayışda göstərilən ştrix-kod vasitəsilə "E-hökumət" portalındakı "Portal üzərindən verilmiş arayışların yoxlanılması" xidmətindən istifadə olunur. Bu amillər kağız formasında arayışların elektron arayışlarla əvəz olunması prosesinin getdikcə sürətlənməsinə səbəb olub.

İş yerinə dair e-arayışda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti və s. məlumatlar əhatə olunur. İstifadəçi bu arayışı istəyinə uyğun olaraq orada əmək haqqı göstərilməklə və ya əmək haqqı göstərilmədən də əldə edə bilir.

Aprel ayında ƏƏSMN-nin "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" elektron xidmətindən istifadə sayı 151020 ədəd təşkil edib.

ƏƏSMN-nin "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" e-xidmətindən 44581 dəfə, "İş yerinə dair arayış" e-xidmətindən 14018 dəfə istifadə olunub. Hər üç e-xidmət son bir ayda da əhalinin "Elektron hökumət" portalı üzərindən ən çox faydalandığı e-xidmətlər sırasında ilk yerləri tutub.

"Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" e-xidməti ötən ilin ortalarından ƏƏSMN tərəfindən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi ilə əlaqədar əmək münasibətlərinin elektron qaydada rəsmiləşdirilməsi üçün əhalinin istifadəsinə verilib. Bu sistem "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" və "İş yerinə dair arayış" e-xidmətlərinin də yaranmasını şərtləndirib.

Ümumiyyətlə, vətəndaşlar aprel ayında ƏƏSMN-nin bütün elektron xidmətlərindən 212512 dəfə yararlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti