...

Mübariz Qurbanlı: Milli maraqlarımıza toxunan nə varsa, ona qarşı çıxmalıyıq

Cəmiyyət Materials 3 İyun 2015 14:51 (UTC +04:00)
ABŞ-ın Beynəlxalq Din Azadlığı üzrə Komissiyasının dünyada din azadlığı haqqında illik hesabatında Azərbaycandakı dini durumla bağlı yer alan məlumatlar qərəzli xarakter daşıyır.
Mübariz Qurbanlı: Milli maraqlarımıza toxunan nə varsa, ona qarşı çıxmalıyıq

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İlkin İzzət/

ABŞ-ın Beynəlxalq Din Azadlığı üzrə Komissiyasının dünyada din azadlığı haqqında illik hesabatında Azərbaycandakı dini durumla bağlı yer alan məlumatlar qərəzli xarakter daşıyır.

Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı AZƏRTAC-a müsahibəsində bildirib.

DQİDK sədri qeyd edib ki, bu məlumatların doğru olmadığı, bütövlükdə Azərbaycandakı mövcud dini durumu ehtiva etmədiyi qarşı tərəfin diqqətinə çatdırılıb: "Bildirmişik ki, bu cür məruzələr hazırlanarkən yaxşı olar ki, həmin məruzələri hazırlayanlar Azərbaycana gələrək ölkəmizdəki dini vəziyyəti görsünlər, söhbətlər aparsınlar. Mətbuatda yanlış yayılmış məlumatdan, xüsusilə ölkəmizi qaralama kampaniyasına yönəlmiş dezinformasiyadan istifadə etməsinlər. Biz öz fikirlərimizi çatdırmışıq. Bizim fikirlərimizlə razılaşırlar. Azərbaycanda tolerantlıq örnək olduğu bir halda dini durumla bağlı belə yanlış informasiyalar yaymaq nə dərəcədə məntiqə uyğundur?"

M.Qurbanlının sözlərinə görə, Azərbaycanda heç bir dini qrupa qarşı heç bir təzyiq olmayıb: "Hər hansı bir tədbir görülsə belə bu, yalnız qanunauyğun şəkildə həyata keçirilib. Bəzi xristian dini qruplaşmaları var ki, onların fəaliyyətinə heç xristian ölkələrində icazə verilmir. Onlar qeyri-ənənəvi xristian qrupları sayılaraq rədd edilirsə, həmin ölkələrdə insanlar arasında nifaqa çağıran, irqi ayrı-seçkiliyi təşviq edən bu cür dağıdıcı qrupların fəaliyyəti qanunla qadağan edilirsə, əlbəttə, biz də qapılarımızı onlara aça bilmərik. İslam ölkələrində də bəzi radikal qruplar var ki, onlara qarşı mübarizə aparıldığı halda biz qapılarımızı onların üzünə aça bilmərik. Bizim siyasətimiz dövlətimizin milli maraqlarına söykənir. Bizim maraqlarımıza zidd olan nə varsa, Azərbaycan xalqının arzusunu ifadə edərək onun qarşısında durmalıyıq. Milli maraqlarımıza toxunan nə varsa, ona qarşı çıxmalıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti