...

İyun ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb

Cəmiyyət Materials 11 İyun 2015 10:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2015-ci ilin iyun ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb. DSMF-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Fondun mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köcürülməsi Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyun ayının 1-i, respublikanın digər rayon və şəhərləri üzrə isə iyun ayının 11-i tarixində tam yekunlaşıb.

Ümumilikdə cari ilin 5 ayı ərzində DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. 2015-ci ilin 5 ayı ərzində Fondun gəlirləri 1224,9 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2,8 faiz və ya 33,6 milyon manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artaraq 712,4 milyon manata çatıb. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 466,8 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,5 faiz və ya 36,8 milyon manat çoxdur. Cari ilin 5 ayı ərzində Fondun xərcləri 1213,4 milyon manat olub və bunun 1192,0 milyon manatı pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmişdir.

Hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 292 040 nəfər təşkil edir. Onların 60,6 faizini yaşa görə, 28,5 faizini əlilliyə görə, 10,9 faizini isə ailə başcısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti