Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir Maksim Tsurkov/
"Reuters" agentliyi saytında Naftalan Sağlamlıq Mərkəzi haqqında video-reportaj yerləşdirib. Trend bu barədə agentliyə istinadən xəbər verir.
Müəllifi jurnalist Elli Park olan reportajda deyilir ki, enerji ehtiyatları ilə zəngin olan Azərbaycanda yerli sakinlər bu resursların bütün üstünlüklərindən istifadə edirlər: "Naftalan Sağlamlıq Mərkəzi müştərilərinə istifadə təcrübəsi VI əsrə dayanan neft vannaları təqdim edir".
Reportajda Azərbaycana xüsusilə bu prosedurlardan istifadə etmək üçün gələn avstraliyalı turist Sebanın fikirləri də yer alıb: "Xoş hisslərdir. Temperatur adi vannada olduğu kimidir. Teksturasına görə, şokolada oxşayır. Kifayət qədər isti, ağrısızdır və elə də pis iyi yoxdur".
Müəllif həmçinin qeyd edib ki, naftalan adlanan neftin tərkibində müalicəvi xüsusiyyəti olan naftalin üzvi birləşməsi var.
Reportajda sağlamlıq mərkəzinin əməkdaşı Həşim Həşimov prosedur barəsində danışıb: "Naftalan hər şeyi - virus, bakteriya və göbələkləri öldürür. Naftalan nefti unikal və təmizdir, tərkibində heç bir palçıq yoxdur".
Reportajın sonunda neft vannalarının 70-ə yaxın xəstəliyin müalicəsində istifadə oluna biləcəyi vurğulanıb.