Azərbaycan, Bakı, 3 iyul /Trend/
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən cari ilin 6 ayı ərzində əlilliyi olan şəxslər ümumilikdə 16 887 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, onların 967-si əlil arabalarından, 12 434 ədədi yardımçı məmulatlardan, 473 ədədi aşağı ətraf, 70 ədədi yuxarı ətraf və 79 ədədi döş protezlərindən, 486 ədədi aşağı ətraf ortez-tutorundan, 179 ədədi ortez-korsetdən, 216 ədədi eşitmə aparatından və s. ibarət olub. Eləcə də əlilliyi olan şəxslər 1432,5 cüt ortopedik ayaqqabı ilə təmin olunub, onlara məxsus 336 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir edilərək yenidən onların istifadəsinə verilib.
Qeyd olunan dövrdə Protez-Ortopedik Bərpa Mərkəzinin protezləşdirmə stasionarlarında 245 nəfər əlilliyi olan şəxsə müvafiq reabilitasiya xidmətləri göstərilib.