Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir İlhamə İsabalayeva/
"Bakı Tikiş Evi"nin orta məktəb şagirdləri üçün satdığı geyimlərin qiymətlərinin bahalaşdırılması nəzərdə tutulur.
"Bakı Tikiş Evi"nin Satış şöbəsinin rəisi Etibar Əzimovun Trend-ə verdiyi məlumata görə, geyimlərin satış qiymətinin nə qədər bahalaşdırılacağı ilə bağlı qərar yaxın günlər ərzində açıqlanacaq: "Hələlik qiymətlərin nə qədər olacağı dəqiqləşdirilməyib. Hazırda bu məsələ araşdırılır".
BTE-dən bildirilib ki, qiymətlərin bahalaşdırılmasının əsas səbəbi isə materialların Türkiydən dollarla alınması və dolların da məzənnəsinin yüksəlməsidir.
"BTE məktəbli dünyası" Filialından isə Trend-ə bildirilib ki, Azərbaycanda dolların manata nisbətdə məzənnəsinin dəyişməsi prosesi başlayandan sonra geyimlərin qiymətlərində artıq artım müşahidə edilib.
Hazırda I-VI sinif şagırdləri üçün bir dəst geyimin qiyməti 46, VII-XI sinif şagırdləri isə 56 manatdır. Bu artımlara qədər isə I-VI sinif şagırdləri üçün bir dəst geyimin qiyməti 40, VII-XI sinif şagırdləri isə 52 manat olub.