...

Təhsil Nazirliyi müəllim olmaq istəyənlər üçün real işlərə başladı

Cəmiyyət Materials 9 İyul 2015 16:07 (UTC +04:00)
Azərbaycanda ali məktəblərdə müəllimlik ixtisası üzrə təhsil alan tələbələr üçün internaturanın bakalavriat səviyyəsində tətbiq edilməsi nəzərdə tutulur.
Təhsil Nazirliyi müəllim olmaq istəyənlər üçün real işlərə başladı

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda ali məktəblərdə müəllimlik ixtisası üzrə təhsil alan tələbələr üçün internaturanın bakalavriat səviyyəsində tətbiq edilməsi nəzərdə tutulur. Bunu Trend-ə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib.

Artıq internatura modelinin tətbiqi ilə əlaqədar nazirlikdə işçi qrupunun yaradıldığını deyən İ.Nağıyev bildirib ki, hazırda bununla bağlı Türkiyənin və Avropanın müxtəlif ölkələrinin təcrübələri öyrənilir, müvafiq sənəd hazırlanır.

Nazirlik rəsmisinin sözlərinə görə, istənilən ölkənin təcrübəsindən asılı olmayaraq, bu model tətbiq edilərkən yerli kontekst mütləq nəzərə alınmalıdır: "Burada ilk növbədə ali təhsil müəssisələrinin üzərinə böyük yük düşür. Çünki ali təhsil müəssisəsi tələbəyə yalnız bilik verməli deyil, həm də onu iş yerinə hazırlamalıdır. Ona görə də hazırda müvafiq ali təhsil müəssisələri ilə konsultasiyalar aparılır ki, bu proses ən optimal formada, bizim kontekstə uyğun aparılsın. İnternaturanın tətbiqi məsələsində tələbələrin internaturadan keçəcəyi ümumtəhsil müəssisələri də bu məsələdə çox mühüm rol oynayır".

İ.Nağıyev deyib ki, internatura modelinin tətbiqi böyük bir prosesdir. Bunun üçün ilk növbədə tədris planları dəyişdirilməlidir.

Onun sözlərinə görə, hazırkı tədris planına əsasən, tələbə bakalavriat səviyyəsində 4 il təhsil alır. Sonuncu kursda olarkən isə tələbə orta məktəbdə bir neçə həftəlik təcrübə keçir: "Amma təcrübə müddəti 1 il və ya 1 ildən daha artıq olarsa, onda həmin 4 illik tədris planı da müvafiq olaraq 3 ilə, yaxud daha az müddətə sığışdırılmalıdır. Bu da dərs yükünü artırır. Ola bilər ki, bu, valideynləri razı salmasın".

İ.Nağıyev əlavə edib ki, internaturanın müddətinin nə qədər olacağı hələ müəyyənləşdirilməyib: "İndi hələ konkret olaraq bilinmir ki, internatura bir neçə ay, yoxsa bir ildən çox olacaq. Amma bu, elə baş verməlidir ki, ən optimal formada olsun. Məsələn, tələbə 3 il oxuyub internaturaya göndərilirsə, lakin onun bu 3 il ərzində aldığı bilik hələ yetərli deyilsə, onda o, hələ internaturaya hazır deyil. İnternaturaya göndərilən tələbə artıq buna hazır olmalıdır ki, ondan maksimum yararlansın. Əks halda, tələbənin 1 yaxud, 2 il internaturada olmasının bir mənası yoxdur. Buna görə də gərək tələbəni hazırlayaq, sonra onu internaturaya göndərək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti