...

Sosial xidmət müəssisələrindən 32 nəfər doğma ailə mühitinə qayıdıb

Cəmiyyət Materials 14 İyul 2015 17:24 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrindən 32 nəfər doğma ailə mühitinə qayıdıb.
Sosial xidmət müəssisələrindən 32 nəfər doğma ailə mühitinə qayıdıb

Azərbaycan, Bakı, 14 iyul /Trend/

Cari ilin 1 iyul tarixinə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki sosial xidmət müəssisələrində yaşayaraq stasionar şəraitdə sosial xidmətlərlə təmin olunanların sayı 1182 nəfər təşkil edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, onlardan 330 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır ki, müvafiq olaraq ƏƏSMN-in Bakının Şağan qəsəbəsindəki 1 saylı və Abşeron rayonunun Saray qəsəbəsindəki 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində tam dövlət təminatında yaşayırlar. Qalan şəxslər 18 yaşdan yuxarı şəxslər olmaqla nazirliyin aidiyyəti üzrə digər sosial xidmət müəssisələrində yerləşdiriliblər. Sözügedən müəssisələrdə yaşayanlar daimi yaşayış şəraiti, qida, geyim və tibbi xidmətlə təmin olunur, eyni zamanda, sosial reabilitasiya tədbirlərinə cəlb edilirlər.

Son illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə 1 saylı və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində uşaqların yaşayışı, hərtərəfli təminatı, reabilitasiyası üçün nümunəvi şərait yaradılıb. Eləcə də ƏƏSMN-in Bakının Buzovna qəsəbəsindəki 1 saylı psixonevroloji sosial xidmət müəssisəsində, Müharibə və əmək əlilləri üçün pansionatında yaşayış şəraiti müasir tələblərə uyğun qurulub. Digər sosial xidmət müəssisələrində də bu istiqamətdə işlər davam etdirilir.

Sosial xidmət müəssisələrində yaşayan şəxslərin doğma ailə mühitinə qaytarılması, de-institusionalizasiya tədbirlərinə də xüsusi önəm verilir. Bu tədbirlərin müsbət nəticəsi kimi cari ilin 6 ayında sosial xidmət müəssisələrində yaşayanlardan 32 nəfəri doğma ailələrinə qayıdıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 nəfər və ya 2,4 dəfə çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti