...

Hər 50 kq kağız qarşılığında bir ədəd ağac alınıb əkiləcək (FOTO)

Cəmiyyət Materials 24 İyul 2015 18:23 (UTC +04:00)
18 mart 2015-ci il tarixində IDEA İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Hər kağızı bir yarpağa dəyişək” layihəsinə start vermişdi.
Hər 50 kq kağız qarşılığında bir ədəd ağac alınıb əkiləcək (FOTO)

Azərbaycan, Bakı, 24 iyul /Trend/

18 mart 2015-ci il tarixində IDEA İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "Hər kağızı bir yarpağa dəyişək" layihəsinə start vermişdi.

İctimai Birlikdən Trend-ə verilən məlumata görə, layihə çərçivəsində Bakı şəhərində və regionlarda yerləşən "ASAN xidmət" mərkəzlərinin qarşısında istifadə olunmuş kağızların qəbul məntəqələri quraşdırılıb. Bununla yanaşı, "Azersun" şirkəti tərəfindən 300 kq-dan artıq kağız tullantılarının ünvanlardan xüsusi nəqliyyat vasitələri ilə toplanması da təşkil edilir.

Layihənin başlandığı gündən etibarən dövlət qurumları, özəl sektor və vətəndaşlar tərəfindən ona böyük maraq müşahidə olunmaqdadır. Belə ki, "ASAN xidmət" mərkəzlərində aparılan son hesablamalara və "Azersun" şirkəti tərəfindən verilən son məlumatlara əsasən layihə çərçivəsində artıq 60 tondan yuxarı kağız tullantısı toplanıb.

IDEA İctimai Birliyi kağız tullantıların təhvil verilməsində xüsusi fəallıq göstərmiş Heydər Əliyev Fonduna, Ədliyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, "Azərbaycan Dəmir Yolları" QSC, "UNICEF Azərbaycan", SOCAR-ın Ekologiya İdarəsi, Azərbaycan Dövlət Pedaqoji Kolleci, Milli Aviasiya Akademiyası, AMEA Zoologiya İnstitutu, Azad Azərbaycan Televiziyası, Azərbaycan Dövlət Nəşriyyatı - "Azərnəşr", Bakı şəhəri 21 və 298 nömrəli orta məktəblər, "Aselsan-Bakı" şirkəti, "TuranBank" ASC, Gəncə şəhəri Mədəniyyət və Turizm İdarəsi, Gəncə şəhər Abbas Səhhət adına xəstəxana, Gəncə şəhəri 2 və 3 saylı peşə liseyləri, Gəncə Debat Mərkəzi, Naftalan şəhər 1 saylı orta məktəb, Gəncə Dövlət Universiteti, Sumqayıt şəhər Təhsil şöbəsinə, o cümlədən miqdarından asılı olmayaraq istifadə olunmuş kağız təhvil vermiş digər dövlət qurumları, özəl təşkilatlar və vətəndaşlara layihədə fəal iştiraka görə təşəkkürünü bildirir.

Qeyd edək ki, layihəyə əsasən hər 50 kq kağız qarşılığında bir ədəd ağacın alınaraq əkilməsi planlaşdırılıb. Bununla da toplanmış 60 ton kağız tullantısı qarşılığında 1200 ədəd ağacın növbəti ağacəkmə aksiyamızda əkilməsi təmin edilib.

Respublika səviyyəsində həyata keçirilən bu layihənin əsas məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır. Bu məqsədə bizimlə birgə çatmaq üçün Sizi kağız tullantılarını təhvil verərək layihədə iştirak etməyə dəvət edirik!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti