Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir Anaxanım Hidayətova, Elmira Tarıverdiyeva/
Bu ilin iyun ayında Bakıda keçirilən İlk Avropa Oyunları, bu uğur Azərbaycanın birinci xanımı, Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyevanın dərin zəkasının və uzaqgörənliyinin yekdilliklə qəbul edilən xidmətidir. Bunu Trend-ə Avropa Parlamentinin fransalı üzvü, Paris şəhərinin 7-ci ərazisinin meri Rəşidə Dati deyib.
O bildirib ki, bu qəbildən ilk olan bu Oyunlar 20 idman növündə yarışan 6000 idmançını bir araya toplayan uğurlu idman tədbiri kimi yekdilliklə qəbul edildi: "Ölkəniz heç kimi məyus etmədi! Azərbaycan Avropa və bütün dünyaya böyük idman tədbirlərinin unikal və unudulmaz təcrübəsini, möhtəşəm açılış və bağlanış mərasimlərini nümayiş etdirdi. İndi bu Oyunlar digər bütün böyük beynəlxalq tədbirləri ilhamlandıracaq!"
R.Dati qeyd edib ki, Mehriban Əliyevanın Avropa Oyunlarının təşkilində şəxsən iştirakı möhtəşəm uğurun əldə olunması üçün lazım idi.
Mer bildirib ki, Təşkilat Komitəsinin sədri kimi Mehriban Əliyeva yarış iştirakçıları və qonaqların Azərbaycanda ən yüksək səviyyədə qarşılanması ilə bağlı işlərlə şəxsən məşğul olurdu: "Onun rəhbərliyi bir daha bu faktı sübut etdi ki, Azərbaycan böyük beynəlxalq tədbirləri uğurla və mütərəqqi təcrübədən istifadə etməklə təşkil etməyi bacarır".
O bildirib ki, Fransa və Azərbaycan arasındakı əlaqələr müsbət istiqamətdə inkişaf edir və prezident Fransua Ollandın ötən ilin aprel ayında Bakıya səfəri bunun sübutudur: "Ölkələrimiz iqtisadiyyat, təhsil, mədəniyyət və başqa istiqamətlər olmaqla bir çox sahələrdə əməkdaşlıq edir".
R.Datinin sözlərinə görə, Mehriban Əliyeva Fransanın humanitar və mədəni irsinin qorunub saxlanılması, məsələn, məbəd və digər mədəni abidələrin bərpa edilməsi üzrə böyük miqyaslı layihələrin tərəfdarıdır və bu layihələrdə iştirak edir.
Deputat qeyd edib ki, Fransada təşkil olunan tədbirlər ölkələr arasında əlaqələrin yüksək səviyyədə olmasının və əməkdaşlığın strateji əhəmiyyətinin sübutudur: "Fransanın Azərbaycana ehtiyacı var. Belə ki, biz İranla sərhəd olan ölkənin geostrateji mövqeyini yaddan çıxartmamalıyıq".
R.Dati bildirib ki, Azərbaycanın birinci xanımı Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri kimi Fransa və Azərbaycan əlaqələrinin möhkəmləndirilməsinə öz töhfəsini verib: "O, daim Fransa ilə dost olduğunu təsdiqləyir. Fransaya hər səfərində Mehriban Əliyeva Fransa hökumətinin üzvləri, müxtəlif partiyalardan olan siyasətçilər, vətəndaş cəmiyyətinin nümayəndələri və başqaları ilə görüşlər keçirir. O, özünün təvazökarlığı və səmimiyyəti ilə tanınıb. O, həmçinin Fransada bir çox tədbirlər keçirməklə Fransa xalqına Azərbaycan haqqında daha çox məlumat almaq imkanı yaradır".
Deputat qeyd edib ki, Azərbaycan beynəlxalq ictimaiyyətdə təqdim olunan müxtəlif mədəniyyətlər və dinlərlə açıq və müntəzəm münasibətləri dəstəkləyir: "Bir çox ölkələrin bu məsələ ilə bağlı problemlərlə üzləşdiyi halda, sizin ölkənizin modeli daha yaxşı öyrənilməyə layiqdir. Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən görülən işlər bu məsələyə mühüm töhfə verir. Bilirəm ki, Mehriban Əliyeva və Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyətlərarası dialoqun inkişafına çalışırlar və hər il Bakıda keçirilən Beynəlxalq Mədəniyyətlərarası Forum bu uğurun bariz nümunəsidir".
Avropalı deputat bildirib ki, ümumilikdə Heydər Əliyev Fondunun gördüyü işlər Azərbaycanı - onun tarixini, mədəniyyətini və dəyərlərini - dünyada daha da tanıdıb.