...

Nəqliyyat vasitələrinin ara məsafəsindəki “mehribanlıq həvəsi”nin yaratdığı ciddi problemlər

Cəmiyyət Materials 30 Sentyabr 2015 15:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda şəhər daxilində tez-tez bəzi əsas küçə və prospektlərdə yol qəzalarının baş verməsinin, nəticədə həmin yollarda nəqliyyatın sıxlığının və tıxacların yaranmasının şahidi oluruq. Bu baxımdan paytaxtın Nobel, Heydər Əliyev və Ziya Bünyadov prospektində xüsusilə seçilir.

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən Trend-ə bildiriblər ki, 2015-ci ilin yanvarın 1-dən sentyabrın 26-dək paytaxtda 598 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 167 nəfər ölüb, 663 nəfər xəsarət alıb.

Qəzalar şəhər içində əsasən Azadlıq, Nobel, Heydər Əliyev, Ziya Bünyadov, Qara Qarayev, Neftçilər prospektlərində, şəhər kənarı yollarda isə 3-cü kənar dairəvi, Mərdəkan-Bakı, Mərdəkan-Buzovna yollarında, Zığ və Şəhər şoselərində qeydə alınır.

Bakının inzibati ərazisindəki yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, qəzaların baş verməsinin əsas səbəbləri sürət həddinin aşılması, ötmə-manevretmə və yolayrıcını keçmə qaydalarının pozulmasıdır.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, şəhər daxilindəki yollarda yol nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəblərindən biri də nəqliyyat vasitələrinin ara məsafəsini saxlamamasıdır. Bu baxımdan paytaxtın Ziya Bünyadov, Nobel, Neftçilər, Heydər Əliyev və Azadlıq prospektləri xüsusilə fərqlənir. Belə ki, nəqliyyatın hərəkətinin intensiv olduğu bu yollarda baş verən kiçik qəzalar zamanı da avtomobillər yolunda ortasında durmalı olur. Bu isə digər nəqliyyat vasitələrinin hərəkətinə mane olduğundan bu yollarda, xüsusən də günün pik saatlarında sıxlıq və tıxac yaranır.

Bununla bağlı Trend-in sorğusunu cavablandıran Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, həqiqətən də Bakıda hərəkətdə olan avtomobillərin bir-biriləri ilə ara məsafəsini saxlamaması bəzən ciddi problemlər yaradır: "Yollarda nəqliyyat vasitələrinin sürəti və onlar arasındakı məsafə "Yol hərəkəti haqqında" Qanunun 50-ci maddəsi ilə tənzimlənir. Sürücü nəqliyyat vasitəsini elə sürətlə sürməlidir ki, qarşıda hərəkətdə olan avtomobil sürətini kəskin azaltdıqda və yaxud gözlənilmədən dayandıqda onunla toqquşmasın. Əks halda belə hallarda məsuliyyət əsasən arxadan gələn avtomobilin sürücüsünün üzərinə düşür. Sürücü sürət həddini gözləməklə həmçinin qarşısına qəfil piyada çıxdıqda onu vurmaqdan da yayına bilər. Təəssüf ki, bəzi sürücülər paytaxt yollarında bu qaydalara əməl etmir, ara məsafəsini saxlamır, onlara daha yaxın məsafədə hərəkət edirlər. Bu "mehribanlıq həvəsi"nin, bu yaxınlığın nəticəsində isə yol nəqliyyat hadisələri, bəzən hətta zəncirvari qəzalar baş verir".

Qeyd edək ki, "Yol hərəkəti haqqında" Qanunun 50-ci maddəsinin (Hərəkət sürəti və nəqliyyat vasitələri arasında ara məsafəsi) 1-ci bəndinin tələbinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir.

Həmin maddının 3-cü bəndində isə göstərilir ki, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qaqşıda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti