...

DSMF-nin büdcəsi pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə istiqamətlənib

Cəmiyyət Materials 13 Oktyabr 2015 12:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2016-cı il büdcə layihəsi pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsinə istiqamətlənib.

DSMF-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Fondun 2016-cı il üçün proqnozlaşdırılan 3 milyard 78,6 milyon manat gəlirlərinin 64,3 faizini sosial sığorta daxilolmaları və digər gəlirlər təşkil edəcək, dövlət büdcəsi transfertinin xüsusi çəkisi isə 35,7 faiz olacaqdır. 2016-cı ildə dövlət büdcəsindən Fonda transfertin məbləği cari ildə olduğu kimi 1,1 milyard manat təşkil edəcək və gələn il üçün xərclər üzrə nəzərdə tutulan artım toplanan sosial sığorta haqları hesabına qarşılanacaqdır. Bu göstəricilər çətin proqnozlaşdırılan qlobal iqtisadi proseslər fonunda ölkəmizdə təmin olunan dayanıqlı inkişafın və əhalinin gəlirlərinin artım dinamikasının əyani təzahürü kimi sosial sığorta haqları üzrə proqnozlarda öz əksini tapır.

Fondun 2016-cı il üçün büdcəsi layihəsində xərclərin 3 milyard 11,2 milyon manatının əhaliyə ödənişlərə, 20,0 mln. manatının pensiya və müavinətlərin əhaliyə çatdırılması və bank əməliyyatlarının aparılması üzrə xidmət haqlarına, 19,1 mln. manatının sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclərə, 27,0 mln. manatının Fondun aparatının və onun yerli orqanlarının saxlanılmasına, 40 min manatının beynəlxalq təşkilatlara üzvlük haqlarına, 1,3 mln. manatının Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında 2004-cü il 23 sentyabr tarixdə imzalanmış və Azərbaycan Respublikasının Prezidentinin 2004-cü il 11 noyabr tarixli 518 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "İnkişaf üçün Kredit Sazişi"nə əsasən "Pensiya və sosial təminat" layihəsi üzrə kreditin qaytarılmasına yönəldilməsi nəzərdə tutulub.

Əhaliyə ödənişlərin 97,1%-ni və ya 2 milyard 923,6 milyon manatını əmək pensiyalarının ödənilməsi üzrə xərclər, 2,9%-ni və ya 87,6 milyon manatını isə müavinət xərcləri təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti