...

Bilik Fondu xarici əlaqələrini genişləndirir (FOTO)

Cəmiyyət Materials 14 Oktyabr 2015 17:21 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu təkcə ölkə daxilində deyil, xarici ölkələrdə də bir sıra layihələr həyata keçirir.
Bilik Fondu xarici əlaqələrini genişləndirir (FOTO)

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu təkcə ölkə daxilində deyil, xarici ölkələrdə də bir sıra layihələr həyata keçirir.

Bilik Fondunun İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova bildirib ki, Azərbaycan elminin uğurlarının dünya elm ictimaiyyətinə çatdırılması, eləcə də dünya elmində qazanılan nailiyyətlərin ölkəmizdə daha geniş yayılması üçün müxtəlif mühazirələr, ustad dərsləri, qarşılıqlı səfərlər, sərgilər təşkil edilir, videokonfranslar, dəyirmi masalar, müzakirələr aparılır.

Bu günlərdə Polşanın fövqəladə və səlahiyyətli səfiri Marek Calka Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda olub.

Fondun icraçı direktoru Oktay Səmədov Polşa ilə Azərbaycan arasındakı dostluq əlaqələrindən, iki ölkə arasında siyasi, iqtisadi, hüquqi, mədəni, elm və turizm sahələrində əməkdaşlığın yüksələn xətlə inkişafından söhbət açıb. Azərbaycanın müstəqilliyini ilk aylarda tanıyan dövlətlərdən birinin də Polşa olduğunu vurğulayan O.Səmədov 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin Polşaya ilk səfəri zamanı iki ölkə arasında bir çox sahələrdə əməkdaşlığa zəmin yaradan hüquqi müqavilələrin imzalandığını da xatırladıb. O.Səmədov rəhbərlik etdiyi Fondun həyata keçirdiyi müxtəlif layihələr barədə səfirə məlumat verib, maarifçiliyin bütün ölkələrdə cəmiyyətin inkişafına təkan verdiyini vurğulayıb.

Səfir M.Calka Bilik Fondunda görüşdən məmnunluğunu ifadə edərək ölkələrimiz arasında əməkdaşlığın 500 ildən çox tarixə malik olduğunu bildirib. Fondun gördüyü işləri maarifçilik istiqamətində mütərəqqi addım kimi dəyərləndirən səfir "Qardaşlaşmış məktəblər", "Docendo discimus", "Dünya elmi Azərbaycanda", "Azərbaycan elmi dünyada" layihələrinə xüsusi maraq göstərib. Səfir Polşa məktəblilərinin azərbaycanlı şagirdlərlə Qardaşlaşma Sazişi imzalamasını arzuladığını dilə gətirib. M.Calka onu da deyib ki, Polşanın nüfuzlu universitetləri ilə yerli təhsil ocaqları arasında alimlərin mübadiləsi, qarşılıqlı ustad dərslərinin təşkili hər iki tərəf üçün uğurlu nəticələr əldə etməyə imkan yaradacaq.

Çexiyalı alimlər əməkdaşlıqda maraqlıdırlar

Çex Respublikasının Mendel Universitetinin alimlərindən ibarət bir qrup Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub.

Qonaqları salamlayan icraçı direktor Oktay Səmədov Bilik Fondunun təhsil və maarifçılik istiqamətində beynəlxalq səviyyədə həyata keçirdiyi layihələrdən danışıb. O.Səmədov qonaqlara Praqada "Azərbaycanın geologiya elmi Çexiyada" layihəsi çərçivəsində təşkil olunmuş sərgi barədə də ətraflı məlumat verib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Mendel Universitetinin regional inkişaf və beynəlxalq təhsil fakültəsinin dekanı professor Libor Qreqa təmsil etdiyi təhsil ocağı haqqında bilgi verib. Professor Bilik Fondu ilə Mendel Universiteti arasında təhsil sahəsində əməkdaşlığın mümkün variantları barədə təkliflərini səsləndirib.

Universitetin İqtisadiyyat və biznes fakültəsinin dekan müavini dosent Tomas Foltynek, təhsil üzrə ekspert Katerina Dolnik, Çexiya-Azərbaycan Elm və Mədəniyyət Mərkəzinin sədri professor Azər Kərimov Çexiya və Azərbaycan alimlərinin, təhsil işçilərinin mübadiləsi, ikitərəfli elmi layihələrin həyata keçirilməsi barədə fikirlərini bildiriblər. Görüşdə birgə fəaliyyət planı haqqında qarşılıqlı təkliflər müzakirə olunub, təcrübə mübadiləsinin səmərəli nəticələr verəcəyinə əminlik ifadə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti