...

Almaniya vətəndaşı Bakıda uğurlu açıq ürək əməliyyatı olundu (FOTO)

Cəmiyyət Materials 23 Oktyabr 2015 15:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

4 oktyabr 2015-ci il tarixində daha bir xarici vətəndaş - Almaniya vətəndaşı Holger Zimmermann (1969-cu il təvəllüdlü) Mərkəzi Klinik Xəstəxanaya sinədə göynədici, sıxıcı ağrı şikayətləri ilə müraciət edib.

Xəstə qəbul olunaraq ilkin müayinələr aparılıb, klinik şikayətləri nisbi stabilləşdirildikdən sonra spesifik olaraq kardioloji müayinələr məsləhət görülüb. Kardioloqlar tərəfindən ürəyin tac damarlarının angioqrafiyası müayinə olunarkən ciddi darlıqlar aşkarlanıb. Xəstəyə aparılan klinik, laborator və instrumental müayinələr nəticəsində "Kəskin miokard infarktı, Şəkərli diabet II tip" diaqnozu qoyularaq açıq ürək əməliyyatı - "Aorta-koronar şuntlama" cərrahiyyə əməliyyatı məsləhət görülüb.

Oktyabrın 13-də xəstənin əməliyyatönü hazırlıqları başa çatdıqdan sonra ürək-damar cərrahı, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru Kamran Musayev və komandası tərəfindən 4 damar "Aorta-koronar şuntlama" cərrahiyyə əməliyyatı icra edilib. Cərrahi əməliyyat uğurla başa çatıb.

Ürək-damar cərrahiyyəsi intensiv terapiya şöbəsindəki 2 günlük müalicədən sonra xəstə kafi vəziyyətdə stasionar şöbəyə-palataya köçürülüb. Stasionar şöbədəki gedişatı da aparılmış əməliyyata tamamilə uyğun olub. Xəstənin bütün şikayətləri tamamilə aradan qalxıb.

Artıq evə yazılan xəstə özünü çox yaxşı hiss edir və azərbaycanlı həkimlərə onun həyatını qurtardıqları üçün minnətdarlığını bildirir.

Onu da qeyd etmək lazımdır ki, beynəlxalq dərəcəli sığortaya sahib olan Almaniya vətəndaşının Bakıda, Mərkəzi Klinikada uğurlu açıq ürək əməliyyatı olunması ölkəmizdə ürək-damar cərrahiyyəsinin və ümumiyyətlə, səhiyyənin inkişafının ən gözəl göstəricisidir. Artıq öz vətəndaşlarımızla yanaşı, xarici ölkələrin vətəndaşları və beynəlxalq sığorta şirkətləri də Azərbaycan səhiyyəsinə və azərbaycanlı həkimlərə öz sağlamlıqlarını əminliklə etibar edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti