Azərbaycan, Bakı, 27 oktyabr /Trend/
Oktyabr-ın 25-də AzTV kanalında "Parlaq Zəka" intellekt şousunun üçüncü mövsümünün ilk oyunu efirə getdi. Tamaşaçılar zəkaların "Bəxtiyar Vahabzadə" mövzusunda olan mübarizələrini izlədilər. Müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Aişə Ağayeva, sarı yolda Qafqaz Universitetinin tələbəsi Emil Yusublu, yaşıl yolda isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Məhəmməd İsrayılzadə mübarizə apardı. Mövsümün ilk qalibi qalibi və 1/4 finala vəsiqə qazanan Emil Yusublu oldu.
""Parlaq Zəka" artıq 3-cü mövsümdür ki, tamaşaçıları və ölkənin ən istedadlı gənclərini öz ətrafına toplayır. Bu illər ərzində tamaşaçımızın yüksək tələblərinə cavab verə bilmişik və verilişimiz ən yüksək keyfiyyət meyarları ilə inkişaf edir. "Parlaq Zəka" artıq sosial bir hadisədir. Bu mövsüm daha da maraqlı, daha da rəngarəng və yaddaqalan olacağıq. "- deyə layihənin rəhbəri və aparıcısı Aydın Piriyev bildirib.
Təhsilinizi dünyanın ən yaxşı universitetlərində davam etdirmək istəyən şəxslər üçün "Parlaq Zəka" intellekt şousu növbəti bir şansı təqdim edir. Qaliblərə 40 000, 30 000, 20 000 manatlıq təhsil haqqı qazandıran İntellekt Şousunun III mövsümündə hal-hazırda bakalavr təhsilini davam edəm I, II, III kurs tələbələri müraciət edə bilər.
Xatırladaq ki, Trend, Day.az və Milli.az "Parlaq Zəka" proqramına informasiya dəstəyi göstərir.